Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsi davam edir.
Nazirlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, layihənin növbəti tarixi siması Səfərəli bəy Vəlibəyovdur (1861-1902). O, Şuşada anadan olub. 1881-ci ildə Qori Müəllimlər Seminariyasını bitirərək 1896-cı ilə qədər orada müəllim işləyib. Səfərəli bəy Qori Müəllimlər Seminariyasını bitirən ilk üç azərbaycanlı gəncdən biri olub. Ömrünün təxminən 20 ilini pedaqoji işə sərf edib. Tətil zamanı Şuşaya dincəlməyə gələrkən burada uşaqlara pulsuz dərs deyib, onları orta və ali məktəblərə qəbul olmaq üçün hazırlayıb.
XIX əsrin 80-ci illərindən başlayaraq qabaqcıl ziyalıların ana dilində məktəb yaratmaq cəhdləri get-gedə artır. Belə məktəblərdən biri 1883-cü ildə Şuşada Səfərəli bəy tərəfindən açılıb. Onun məktəbində müxtəlif təbəqələrdən olan 25 şagird oxuyub. Səfərəli bəy 1896-cı ildə Qoridən Bakıya köçüb. Burada iki il müəllimlik edib. Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Süleyman Sani Axundov kimi görkəmli şəxsiyyətlər ibtidai təhsillərini ondan alıblar.
Səfərəli bəy müasirləri arasında təkcə yaxşı müəllim kimi tanınmamışdı. O, həmçinin görkəmli maarif xadimi, metodist, bacarıqlı tərcüməçi və hərtərəfli biliyə malik alim kimi şöhrət qazanmışdı.
Xatırladaq ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və vaxtilə pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi müzəffər Azərbaycan Ordusunun qələbəsinə sevindiyimiz bu günlərdə Qarabağın məşhur müəllimlərini yad etməkdir.