Muxtar respublikada meyvəçilik və tərəvəzçiliyin inkişafının regional xüsusiyyətləri müzakirə edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, dəyirmi masa Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində təşkil olunub.
Tədbirdə fakültənin dekanı, kimya üzrə fəlsəfə doktoru, dosent Şəmil Mahmudov bildirib ki, “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət Proqramı”nın icrası nəticəsində bu sahədə yüksək göstəricilərə nail olunub. Vurğulanıb ki, muxtar respublikada bu sahəyə olan xüsusi diqqət və qayğının nəticəsində meyvəçiliyin inkişafı üçün çıxış yolları müəyyən edilib və qısa zamanda yeni meyvə bağları yaradılıb, yüksək məhsuldarlıq götürülüb.
Qeyd edilib ki, Naxçıvan artıq yerli və keyfiyyətli meyvə-tərəvəz məhsullarının ixrac potensialına malikdir. Bu da meyvəçiliyin və tərəvəzçiliyin muxtar respublikanın kənd təsərrüfatı sahəsində mühüm rola malik olduğunu göstərir.
Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Xaliq Abbasov vurğulayıb ki, əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsinə daxil edilməsi və əkin sahələrindən bol məhsul götürülməsində mütərəqqi suvarma sistemlərinin qurulması mühüm əhəmiyyət kəsb edir. Hər il meyvə bağlarının əkin sahələrinin çoxaldılması istehsal həcminin artması ilə yanaşı, idxaldan asılılığın aradan qaldırılmasına da müsbət təsir göstərib.
Sonda müəllim və tələbələrin mövzu ilə bağlı sualları cavablandırılıb.
Telli Mustafayeva