“Vikipediya”da Ağdam rayonu haqqında özbək dilində bölmə yaradılıb - FOTOLAR
Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə “Vikipediya”da Ermənistan işğalından azad olunan Ağdam rayonu haqqında özbək dilində bölmə istifadəyə verilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bölmədə 27 il Ermənistan işğalı altında qalan və ərazisinə görə Azərbaycanın ən böyük rayonlarından olan Ağdamın, onun adının tarixinə nəzər salınır. Qeyd olunur ki, XVIII əsrin birinci yarısında Qarabağ xanı Pənahəli xan bu şəhərdə özü üçün ağ daşdan imarət tikdirmək barədə əmr verib. Həmin imarət uzun müddət ətraf kəndlərin sakinləri üçün bir növ mərkəzə çevrilib və sonralar Günəş şüaları ilə nurlanan işıqlı, ağ ev – “Ağdam” adlanıb.
Vurğulanır ki, əslində, Ağdamın tarixi çox qədim dövrlərə təsadüf edir. Rayon ərazisi qədim yaşayış məskənlərindən biridir. Buradakı “Leylatəpə” və “Üzərliktəpə” adlanan ərazidə arxeoloji qazıntılar nəticəsində Eneolit və Orta Tunc dövrlərinə aid yaşayış məskənləri tapılıb.
Bölmədə erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı, 15 şərab, 1 şampan zavodu, 10 istirahət mərkəzi, Qarabağın ən böyük musiqi məktəblərinin yerləşdiyi qeyd olunur.
Yaradılan bölmədə Ağdam ərazisində rayon məscidi və Şahbulaq qalası istisna olmaqla, digər abidələrin, hətta bütün tikililərin, evlərin işğaldan sonra Ermənistan ordusu tərəfindən tamamilə dağıdıldığı, məhv edildiyi vurğulanır. Bir çox xarici jurnalistlərin Ağdam şəhərini gördükdən sonra onu “Qafqazın Xirosiması”, yaxud “Ruhlar şəhəri” adlandırdığı, əslində isə Ermənistan işğalından öncə Ağdamın Qafqazın ən inkişaf etmiş və gözəl şəhərlərindən biri olduğu məlumatlarda öz əksini tapır.
Bölmədə noyabrın 23-də ilk dəfə olaraq Ermənistan işğalından azad edilən Ağdam rayonuna Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın səfər etməsi, rayon ərazisindəki dağıdılmayan yeganə tarixi abidə - Ağdam məscidini ziyarət etmələri və Azərbaycan bayrağının qaldırılması barədə məlumatlar da əksini tapıb.
Ağdamın tarixi, əhalisi, iqtisadiyyatı, təhsil ocaqları, mədəniyyət abidələri, tanınmış şəxsiyyətləri, milli qəhrəmanları haqqında məlumatların yer aldığı bölmədə tarixi Şahbulaq qalası haqqında da məlumatlar yer alır. Şahbulaq qalasının Azərbaycanın Qarabağ xanı Pənahəli xan tərəfindən 1751-1752-ci illərdə inşa etdirildiyi, onun adının burada yerləşən gur suyu olan bulağın adından götürüldüyü və bu qəsrin xanın iqamətgahı olduğu yazılır. Qeyd olunur ki, Ermənistan ordusu tərəfindən bu ərazilərin zəbt olunması zamanı qalanın dağıdılmamasının əsas səbəbinin onun guya “erməni irsinə aid olması” və tarixinin saxtalaşdırılmasıdır.
Məlumatlar arasında rayonu Azərbaycan çempionatında təmsil edən peşəkar futbol klubu, dünya şöhrətli “Qarabağ” komandası haqqında faktlar öz əksini tapıb. 1993-ci ilin 23 iyul tarixinə qədər futbol klubunun ev oyunlarını Ağdam şəhərindəki “İmarət” stadionunda, sonradan erməni işğalı ilə əlaqədar bir müddət Quzanlı qəsəbəsi, daha sonra isə Bakı şəhərindəki stadionlarda keçirdiyi yazılır. Komanda 7 dəfə Azərbaycan Premyer Liqasının çempionu olub, ilk dəfə “Qarabağ” 1993-cü ildə Azərbaycanın ən güclü klubu sırasına düşüb. 2017-2018-ci il mövsümündə isə “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə yüksəldiyi qeyd olunur. həmçinin bildirilir ki, komanda Çempionlar Liqasının qrup mərhələsində xal qazanan ilk Azərbaycan klubu kimi tarixə düşüb.
Azərbaycanda “Qarabağ” futbol klubuna böyük sevgi və hörmətin olduğu məlumatlarda öz əksini tapır. Vurğulanır ki, komanda, sadəcə, peşəkar futbol klubu deyil, o, Azərbaycan xalqının əzmkarlığının və qətiyyətinin rəmzi, hər bir ağdamlının, qarabağlının, azərbaycanlının qürurun və ədalətin bərpa olunacağına ümidinin təcəssümüdür.
Özbək dilində “Agʻdam tumani” adlı bölmədə digər çoxsaylı faktlar, məlumatlar, fotoşəkillər, xəritələr də verilib.