Məşhur "Tarixi Nadir" kitabı haqqında yəqin ki, hər kəs eşidib. Bu kitab 1736-1747-ci illərdə hakimiyyətdə olan türk soylu Əfşarlar sülaləsinin banisi Nadir şah haqqındadır. Tarixçilər onu hərbi nailiyyətlərinə görə "Şərqin Napoleonu" və ya "İkinci Makedoniyalı İskəndər" adlandırdılar. Dahi Üzeyir bəyin "O olmasın, bu olsun" operettasında Məşədi İbadın dediyi "Mən özüm "Tarixi Nadir" kitabını yarıya qədər oxumuşam, amma sənin dediyini anlamıram. Bu bisavadlar neyləsin?" ifadəsi də məhz bu kitab haqqındadır. Sonradan zərbi-məsələ çevrilən bu məşhur ifadəni yeri düşəndə səsləndiririk. Nəyisə anlamayanda bu cümləni çoxumuz istifadə edirik. Amma 27 sentyabrdan etibarən xalqımızın döyüş meydanında apardığı 44 günlük haqlı mübarizəsində öz tarixlərindən xəbərsiz mənfur düşmənlərin 30 il ərzində dediklərimizi anlamamaları onlara çox baha başa gəldi.
Ehtiyyatda olan hərbi vəzifəlilərin çağırıldığı təlim toplanışında mən də iştirak etdiyim üçün əks-hücum əməliyyatlarına başlayan ordumuzun uğurlarını radio və televiziyadan eşitdirdim, ordumuzun düşmənə endirdiyi sarsıdıcı zərbələrdən böyük qürur hissi keçirirdim. Ali Baş Komandanımızın ətrafında sıx birləşən xalqımız qələbəyə o qədər inamla köklənmişdi ki, bütün dünya bu birliyin qarşısında heç bir gücün dayana bilməyəcəyinin sübutunu 44 gün sonra “ağ bayraq” qaldıran düşmənin acizliyində gördü. Nadir tarixi hadisələrin yaşandığı həmin günlərdə şahidi olduğum bir digər məqam isə illərdir söylədiyimiz xalq-ordu birliyinin ən möhtəşəm nümunələrini görməyimdir. “Təlimdə tər, döyüşdə zəfər” üçün səfərbər olan biz, bu mehribanlıq, bu sevgi qarşısında minnətdarlığımızı keçdiyimiz təlimlərdə özümüzü daha yaxşı hazırlamağımızla ifadə etməyə çalışdıq. Ali Baş Komandanımızın Füzuli şəhərinin azad olunmasından sonra dediyi: “Bu gün tam məsuliyyətlə deyə bilərəm ki, Füzuli əməliyyatı hərbi kitablara daxil ediləcək” fikri, müharibənin davamında Şuşa şəhərinin işğaldan azad olunması uğrunda gedən döyüşlər xalqımızın qəhrəman oğullarının dastana çevriləcək hekayələri, qalib ordunun qalib əsgəri kimi daha da qürurlanmağımıza səbəb oldu.
Ölkə başçısının hər dəfə xalqa müraciətini səbrsizliklə gözləyənlər arasında biz də var idik. Hər müraciət bizi daha da həvəsləndirir, düşmənə qəzəbimizi daha da artırırdı.
Bəzən “tarix təkrarlanır” deyə bir ifadə səslənir. Amma bu günümüzün tarixi heç vaxt təkrar olunmayan bir tarixdir. İzlədiyim rəsmi xəbərlər, döyüşlərdə iştirak edən igidlərimizlə etdiyim söhbətlər necə bir tarixin yazıldığını və bu hadisələrin dünya hərb tarixinə düşəcək hadisələr olduğunun sübutudur.
Yazı yazmaq üçün birinci qələm tutmağı öyrənmək lazımdır. Tarix yazmaq üçün isə silah mütləq idi. Videolardan birində: “Sara müəllim, sən mənə tarixdən “2” yazırdın, indi mən tarix yazıram” deyən igidimizin də vurğuladığı bu idi. Bəli, yeni bir tarix yazıldı. İstər hərb meydanında, istərsə də siyasi müstəvidə. “Tarixi Nadir”dən xəbəri olmayan düşmən, müasir hərb sənətilə nadir tarix yazan igidlər qarşısında duruş gətirə bilmədi. Bu bizim böyük qələbəmizdir. Bu bizim yeni tariximizdir. Bu kitablara sığmayacaq qəhrəmanlıq dastanıdır. Nə xoş ki, bu qələbə qazanılanda mən də qalib ordunun qalib əsgəri idim! Yaşasın Azərbaycan! Yaşasın Ali Baş Komandan! Yaşasın müzəffər Azərbaycan Ordusu!!!
Yaqub İsayev
Naxçıvan televiziyasının redaktoru