“Naxçıvan” Universitetində “Dictionary of Economics” lüğətinin təqdimatı olub - FOTOLAR
“Naxçıvan” Universitetinin Tədris və tərbiyə işləri üzrə prorektoru, dosent Hüseyn Bağırsoylunun “Dictionary of Economics” lüğətinin təqdimatı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, əvvəlcə ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda şəhid olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva qeyd edib ki, hazırda Naxçıvan Muxtar Respublikasında olan ali təhsil ocaqlarında iqtisadiyyat və iqtisadiyyatyönümlü ixtisasların ingilis dilində tədrisi ilə bağlı müvafiq işlər görülür. Yeni nəşr olunan dərs vəsaiti “Dictionary of Economics” lüğəti də bu istiqamətdə görülən işlərin davamıdır. Rəyçisi Dr. Bəhman Amani olan lüğətdə ingilis dilindən Azərbaycan dilinə və Azərbaycan dilindən ingilis dilinə tərcümə olunan iqtisadi termin və ifadələr öz əksini tapıb.
Daha sonra universitetin İdarəetmə kafedrasının professoru, iqtisad üzrə elmlər doktoru Mehdi Bağırovun, Xarici dillər fakültəsinin dekanı Yasin Babazadənin, İqtisadiyyat kafedrasının dosenti, iqtisad üzrə fəlsəfə doktoru Ceyhun Mahmudovun çıxışları dinlənilib.
Bildirilib ki, lüğət təhsil həyatımızda tez-tez istifadə olunan iqtisadiyyatyönümlü ingilis və Azərbaycan sözləri, ifadələri və terminləri, eyni zamanda ana dilimizə tərcümələri ilə əhatə olunub. Lüğətdə təqdim olunan 5 min söz və terminlər iqtisadiyyat sahəsindəki mütəxəssislər tərəfindən daha çox istifadə edilən 20 min söz və ifadə arasından seçilib. Lüğət izahlı və öyrədici xüsusiyyəti ilə tələbə və müəllimlər üçün əsaslı mənbədir. Ümumiyyətlə, iqtisadiyyatla maraqlanan hər kəs lüğətdən izahlı mənbə kimi istifadə edə bilər.
Sonda müəllif çıxış edərək göstərilən diqqətə görə minnətdarlığını bildirib.
Seyfur Hacımuradov