Tədrisdə innovativ sistem, yeni STEAM təhsil metodunun təqdimatı olub

A- A A+

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamı yüksək ixtisaslı kadr hazırlığı ilə yanaşı, innovasiyaların yaradılması istiqamətində də yeni vəzifələr müəyyənləşdirib. 2020-2021-ci tədris ilindən etibarən Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə muxtar respublikanın ümumtəhsil məktəblərində STEAM təlim metodunun tətbiqinə başlanılır.       

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri Naxçıvan Dövlət Texniki Kollecində “Təhsildə innovasiya: STEAM təhsil metodu və onun əhəmiyyəti” mövzusunda keçirilən tədbirdə Təhsil naziri Rəhman Məmmədov səsləndirib. Nazir bildirib ki, şagirdlərə Elm, Texnologiya, Mühəndislik, İncəsənət və Riyaziyyatın birgə və inteqrasiya olunmuş şəkildə tədrisi ideyası üzərində qurulan müasir təhsil sistemi, STEAM  təlimlərində şagirdlərə robotexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik, eləcə də dizaynerlik bacarıqları öyrədiləcək. 

Vurğulanıb ki, bu  cür təlimlərin keçirilməsində məqsəd şagirdlərin düşüncə qabiliyyətini inkişaf etdirmək və əldə olunmuş biliklərin təbiət elmləri, texnologiya, mühəndislik, riyaziyyat və incəsənət kimi sahələrdə səmərəli tətbiqinə nail olmaqdır. STEAM  tədris metodu gələcəyin peşəkar dizaynerlərinin, proqramçılarının, mühəndislərinin, texnoloqlarının, müəllimlərinin, həkimlərinin yetişməsinə öz töhfəsini verəcək.

Qeyd olunub ki, noyabrın 11-də Şərur rayon Qarabürc kənd ümumi orta məktəbində ilk STEAM kabinəsi yaradılaraq istifadəyə verilib. 2020-2021-ci tədris ilində əlavə pilot layihə olaraq muxtar respublikanın 12 məktəbində STEAM kabinələrinin, Heydər Əliyev adına tam orta məktəbdə STEAM Tədris Mərkəzinin yaradılması, 6 və 7-ci siniflərdə Texnologiya fənni hesabına həftədə 1 saat STEAM dərslərinin tədrisi nəzərdə tutulur. 

Tədbirdə digər çıxış edənlər muxtar respublikada STEAM təhsil metodunun yeni təhsil fenomeni kimi məktəblərdə və məktəbdənkənar təhsil müəssisəsində tətbiqinin əhəmiyyətindən danışıblar.

Sonra STEAM təhsil metodunun muxtar respublikada tətbiqinin slayd vasitəsilə təqdimatı olub.

Qeyd edək ki, muxtar respublikada bu təhsil metodu üzrə təlim keçmək üçün  28 məktəbdən 30 müəllim  müəyyənləşdirilib. Bu gündən etibarən  başlayan və 1 ay müddətində davam edəcək təlimlər zamanı  müəllimlərə STEAM metodologiyaları, 3D CAD Modelləşdirmə və Çap, mikrobit və arduino texnologiyaları, mühəndislik modulları və digər biliklər öyrədiləcək.

Təlimi uğurla başa vuran müəllimlər Təhsil Nazirliyi tərəfindən STEAM dərslərini aparmağa icazə hüququ verən sertifikatla təmin ediləcəklər.

Ərhan Novruzov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: