NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatı Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhərindəki “Zirvə” Kitab Evində “Kitablar tozlanmasın” devizi altında “Kitab qoy, kitab götür” layihəsinə start verilib.
Məqsəd gənc nəsildə vətənpərvərlik, tarixə, milli köklərə bağlılığın formalaşdırılması, onların kənar təsirlərdən qorunması üçün dünyagörüşünün zənginləşdirilməsi, dövlətə, dövlətçiliyə, Vətənə, xalqa bağlılıq hisslərinin, mütaliə vərdişlərinin aşılanması, intellektual səviyyələrinin yüksəldilməsi və asudə vaxtlarının səmərəli təşkil olunmasıdır.
Layihəyə görə Naxçıvan şəhərində yerləşən “Zirvə” kitab evində ayrıca guşə yaradılıb. Burda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş oxunması zəruri olan kitablar, həmçinin Azərbaycan və dünya bədii ədəbiyyatı nümunələri yer alıb. Kitabları oxumaq istəyən hər kəs götürəcəyi kitabın qiymətinə uyğun kitab gətirərək əvəzində yeni kitab götürə bilər. Gətirilən kitablar səliqəli, istifadəyə yararlı vəziyyətdə, həmçinin latın qrafikası ilə çap edilən əsərlər olmalıdır. “Kitablar tozlanmasın” devizi altında keçirilən layihədə yalnız bədii ədəbiyyata aid olan kitablardan istifadə olunmalıdır. Hər kəs öz kitabxanasında olan maraqlı kitablardan digər oxucuların da faydalanmasını istəyirsə layihəyə dəstək məqsədilə ayrılmış guşəyə kitab hədiyyə edə bilər. Bununla kitab guşəsini daha da zənginləşdirmək və gənclərdə mütaliə vərdişlərinin formalaşması işinə hər kəsi cəlb etməkdir. Təbii ki, bu layihəyə qoşulan hər bir gənc onlar üçün yaradılan bütün şəraitdən, göstərilən diqqət və qayğıdan düzgün istifadə edərək zövqlərinə və maraqlarına uyğun olan kitablardan faydalanacaqdır.