Bölmənin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, iclasda əvvəlcə Vətən uğrunda şəhid olan qəhrəmanlarımızın əziz xatirəsi yad edilib.
Bölmənin sədri, akademik İsmayıl Hacıyev Azərbaycan elminin ölkədə və dünyada təbliği istiqamətində görülən işlərdən söz açaraq “Elmi əsərlər” və “Axtarışlar” jurnallarının çapından bəhs edib və məqalələrin keyfiyyətinin artırılması, elmi tədqiqat müəssisələrinin şuralarında mütəmadi müzakirələrinin aparılmasının vacibliyini diqqətə çatdırıb.
Daha sonra bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Qafqaz tarixi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyevin “İkinci Qarabağ müharibəsinin başlanması, mövcud vəziyyət və təhlillər” mövzusunda elmi məruzəsi dinlənilib. 30 il düşmən tapdağında qalan torpaqlarımızın işğaldan azad edilməsində ən mühüm amillərdən biri də Naxçıvanın blokadadan azad olunmasıdır deyən Emin Şıxəliyev bildirib ki, 9-cu maddəyə əsasən, ölkəmizin digər bölgələri ilə nəqliyyat əlaqələri bərpa ediləcək. Bu dəhliz həm də Türk dünyasını quru yolu ilə bir-birinə bağlayacaq və mahiyyət etibarilə, “Türk qapısı” adlandırılan Naxçıvan öz tarixi missiyasını layiqincə yerinə yetirəcək.
Həmçinin iclasda vurğulanıb ki, institutda cari ildə gülab istehsal edildiyi, 9 adda dərman bitkilərindən yağ və ekstraktların alındığı elmi-tədqiqat işlərinin nəticəsində yeni üzüm, noxud və arpa sortlarının Dövlət Reyestrində qeydiyyatdan keçdiyi və bu günlərdə 3 üzüm, 2 buğda və bir arpa sortu sınağa təqdim ediləcək.
Çıxışlar dinlənildikdən sonra Rəyasət Heyətində aparılan elmi-tədqiqat işləri müzakirə olunub, tətbiqyönümlü tədqiqatlar üçün müvafiq tapşırıqlar verilib.
Tədbirdə bölmənin Beynəlxalq əlaqələr və informasiya şöbəsinin mütəxəssisi Səkinə Cümşüdova yeni yaradılan ameanb.com saytı haqqında da ümumi məlumat verərək Azərbaycan, ingilis və rus dillərində hazırlanan saytın üzərində işlərin davam etdirildiyini deyib.
Akademik İsmayıl Hacıyev yaradılan saytın təkmilləşdirilməsi ilə bağlı tapşırıqlarını verib.
Daha sonra Bioresurslar İnstitutunun əməkdaşı, biologiya üzrə fəlsəfə doktoru Əfruz Nəsirovanın Yaponiyanın Sapporo şəhərində yerləşən Hokkaido Universitetinə 3 illik ezam olunması barədə məlumat verilib və cari məsələlər müzakirə edilib.