Kəlbəcər tarixi-mədəniyyət abidələri ilə zəngindir - Xudavəng məbəd kompleksi - FOTOLAR
Kəlbəcər torpaqları qədim alban qalaları və məbədləri ilə zəngindir. Rayonun zəngin sərvətləri, o cümlədən tarixi-mədəniyyət abidələri erməni vandalizminə məruz qalıb. Bu abidələrdən biri də Xudavəng məbəd kompleksidir. Hələ eramızın ilk əsrlərindən başlayaraq Qafqaz Albaniyasında xristianlıq yayılıb və IV əsrdə Albaniya hökmdarı Urnayr tərəfindən xristianlıq dövlət dini elan edilib. Albaniya ərazisində tikilən ilk məbədlərdən biri Xudavəng kompleksi olub. Bu tikili çox vaxt “Alban bazilikası” adlanır. İlk məbəd kompleksi günbəzsiz uzun binalardan ibarət olub. Kompleksə bazilika tipli baş məbəd, bir neçə köməkçi məbəd, sövmə, təsərrüfat və yaşayış evləri daxildir. Onu da qeyd edək ki, Xudavəng məbəd kompleksi qonşu xalqların dini memarlıq tikililərindən tamamilə fərqli quruluşa və xüsusiyyətlərə malikdir. Dövrümüzə qədər bu məbədə bir neçə dəfə digər tikililər əlavə edilib, onun yanında düzbucaqlı formalı bir neçə məbəd və sövmələr inşa olunub. Baş məbəd binasının plan və kompozisiya quruluşu asimmetrik formadadır. Kompleks alban yepiskopunun iqamətgahı və mühüm mədəni-maarif mərkəzi olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəvər verir ki, bu fikirləri jurnalistlərə açıqlamasında Bakı Dövlət Universitetinin professoru, tarixçi-alim İbrahim Zeynalov söyləyib. Professor bildirib ki,məbəd Kəlbəcər rayonunun Vəng kəndində, Tərtər çayının sol sahilində xüsusi yonulmuş daşlardan inşa edilib. Məbədin yeri seçilərkən müdafiə mövqeyi də nəzərə alınıb. Möhtəşəm divarlarla əhatə olunan ibadət kompleksləri hərbi münaqişə vaxtı nəinki kahinlərin, həmçinin ətraf kəndlərin sakinləri üçün sığınacaq yeri olub. Kompleksin ən qədim tikintisi baş məbəd hesab edilir. XII-XIII əsrdə tikilmiş günbəzli məbədlər bu kompleksə daxildir. Bunlar Arzu xatun və İgid Həsən məbədləridir.
Xudavəng məbəd kompleksinin VI-XIII-XVII əsrə aid olması deyəndə nəzərdə tutulur ki, kompleksə ilk 1 nefli bazilika, VI əsrin 3 nefli bazilikası və XVII-XVIII əsrlərin mülki tikililəri daxildir. Arzu xatun məbədi alban memarlığının ən qiymətli abidələrinə aiddir və kompleksdə əsas yer tutur. Məbəd iki barelyeflidir. Şərq divarı fasadında, pəncərənin üstündə yarı boyuna qədər knyaz və müqəddəs bir adam, cənub divarında isə iki knyaz əllərində məbədin modelini saxlayır. Araşdırmalara görə, birinci barelyefdə çox güman ki, Arzu xatunun əri və müqəddəs bir adam, ikincidə isə onların oğulları təsvir olunur. İgid Həsən məbədinin divarlarında 1182-ci ildə inşa edildiyini təsdiqləyən yazı var. Tikilinin divarları yonulmamış daşlardan nizamsız qaydada hörülüb. İkinci böyük ölçülü tikinti 1211-ci ildə inşa edilib. 1224-cü ildə bir nefli bazilikaya əlavə tikilən böyük tikinti xüsusi maraq kəsb edir. Belə ki, burada zadəgan nəslinin ailə üzvləri dəfn edilib. Xudavəng məbəd kompleksinin tam tikintisi XIII əsrdə başa çatıb. Arzu xatun məbədinin tikintisində daş üzərində yüksək səviyyədə işlənmiş dekorativ bəzəklərdən istifadə edilib. Məbəd də tağlar üstündə bərkidilmiş 16 guşəli dairə üçbucaqlı çətir formasında olan dam örtüyü ilə tamamlanır.
“Xudavəng kompleksi orta əsrlər memarlığı nümunələrini - yaşayış evlərini, mehmanxananı, kitabxananı, yeməkxananı özündə saxlayan çox nadir hallarda rast gəlinən bir məbəddir. Kompleks “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri”nin siyahısına daxil edilib”, - deyə alim fikrini yekunlaşdırıb.