Dilimiz hər birimiz üçün müqəddəsdir. Bu dil anamızın, Vətənimizin dili, keçmişimiz, gələcəyimizdir. Azərbaycan dili varlığımızın təzahürü, milli sərvətimizdir. Təkamülümüzdə ana dilinin rolu misilsizdir. Doğma dilimizi qorumaq, onun zənginləşməsinə, inkişafına xidmət etmək hər bir vətəndaşın ən ümdə vəzifəsidir.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev demişdir: “...Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə, onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub möhkəmləndirmişdir. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Ona görə də xalqımıza ulu babalardan miras qalan bu ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı, daim qayğı ilə əhatə etməlidir. Bu, onun müqəddəs vətəndaşlıq borcudur”.
Ulu öndərin Azərbaycana rəhbərliyinin hər iki dövründə Azərbaycan dilinin qorunub saxlanılması, onun zənginləşdirilməsi istiqamətində böyük işlər görüldü. 1995-ci il noyabrın 12-də qəbul edilmiş Konstitusiyamızda Azərbaycan dili rəsmi dövlət dili elan olundu. Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi haqqının bərpa olunması istiqamətində atılmış vacib addımlardan biri isə ulu öndərin 18 iyun 2001-ci ildə imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərman oldu. Azərbaycan dilinin bütün ölkə miqyasında tətbiq olunması zəruri və əməli cəhətdən əsaslandırıldı, dilçiliklə bağlı görüləcək işlərin əsas konturları verildi. Həmçinin ölkədə bütün yazışma işlərinin Azərbaycan dilində aparılması rəsmiləşdirildi.
Dilimizə dövlət səviyyəsində belə yanaşmanın nəticəsidir ki, “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” ümummilli liderin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur. Ulu öndər Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya – latın qrafikalı Azərbaycan əlifbasına keçdi. Bu istiqamətdə atılmış vacib addımlardan biri də ulu öndərin 2002-ci ildə imzaladığı “Azərbaycan Respublikasında dövlət dili haqqında” Qanundur. Bu qanunda dilimiz müstəqil dövlətçiliyin əsaslarından biri olaraq qəbul edilmiş, onun digər dillər arasında yaşaması və təkmilləşdirilməsi sahəsində konseptual ideyalar irəli sürülmüşdür.
Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu dövlət dil siyasəti bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının qəbul etdiyi çoxsaylı sənədlər Azərbaycan dilinə, dilçiliyinə diqqət və qayğının ifadəsi olmaqla, həm də bu sahədə görüləcək vacib işlərin müəyyənləşməsinə və həyata keçirilməsinə şərait yaratmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 2018-ci il 1 noyabr tarixli Fərmanı müstəqil ölkəmizdə dövlət dilinin inkişafı istiqamətində ardıcıl olaraq aparılan məqsədyönlü siyasətin davamıdır.
Ölkə başçısı cənab İlham Əliyev demişdir: “Əsrlər boyu Azərbaycan xalqını bir xalq kimi qoruyan bizim mədəniyyətimiz, incəsənətimiz, musiqimiz, xalçaçılıq sənətimiz və digər ənənələrimiz olubdur. Bizim bu sahədəki bütün fəaliyyətimizin əsasında Azərbaycan dili dayanır. Azərbaycan dili bizi xalq, millət kimi qoruyub. Əsrlər boyu biz başqa ölkələrin, imperiyaların tərkibində yaşadığımız, müstəqil olmadığımız dövrdə milli dəyərlərimizi, ana dilimizi qoruya, saxlaya bilmişik, Azərbaycan dilinin saflığını qoruya bilmişik...”.
Müxtəlif xalqların nümayəndələri bu gün Azərbaycanda doğma dilimizdə təhsil alırlar. Dövlət tərəfindən digər sahələrə olduğu kimi, təhsil sahəsinə də göstərilən qayğının nəticəsidir ki, ölkəmizdə və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında təhsil alan xarici vətəndaşların sayı ilbəil artır.
Azərbaycan dilinin keçdiyi tarixi inkişaf mərhələlərini nəzərdən keçirsək görərik ki, dilimizin saflığı uğrunda mübarizədə iştirak edən ziyalılarımızın dilimizin formalaşmasında böyük rolları olub. Füzulidən Axundova, Seyid Əzimdən Səməd Vurğuna, Mirzə Cəlildən Cəfər Cabbarlıya qədər bütün klassiklərimiz üçün ana dili məsələsi, onun işlənməsi, qorunması, inkişafı, yaxın regionlardakı dillərlə rəqabəti prinsipial əhəmiyyət kəsb etmişdir. Vaxtilə Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev, Həsən bəy Zərdabi, Nəriman Nərimanov, Cəlil Məmmədquluzadə, Üzeyir Hacıbəyov, Məmməd Araz kimi ziyalılar bütün qüvvələrini anadilli məktəblərlə yanaşı, anadilli mətbuatın da yaranmasına yönəltmişdilər.
Qeyd edək ki, ana dilimizin saflığı uğrunda M.F.Axundov və H.B.Zərdabi tərəfindən aparılan mübarizəni ötən əsrin əvvəllərində Cəlil Məmmədquluzadə və naşiri olduğu “Molla Nəsrəddin” jurnalı davam etdirirdi. Dahi sənətkarın xalqın səadəti, müstəqilliyi və tərəqqisi naminə apardığı mübarizənin əsasını ana dilinin saflığı, təmizliyi uğrunda mücadilə təşkil edirdi. Mirzə Cəlilin “Molla Nəsrəddin” jurnalında nəşr olunan “Dil”, “Əlifba”, “Dərs kitablarımız”, “Ana dili” və bu qəbildən olan bir sıra məqalələri məhz dil probleminə həsr edilmişdir.
Bu gün Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da Azərbaycan dilinin inkişafına xüsusi qayğı göstərilir, bu istiqamətdə dövlət səviyyəli layihələr həyata keçirilir. Müxtəlif elmi-pedaqoji dərsliklərin, monoqrafiyaların hazırlanması, ana dilinin inkişafı uğrunda gedən proseslər və əldə olunan nəticələrin yekunlarına dair konfransların keçirilməsi qeyd olunan aspektdə tədbirlərin bir hissəsidir. Son illər muxtar respublikada nəşr olunmuş “Naxçıvan Ensiklopediyası”, “Naxçıvan Abidələri Ensiklopediyası”, üçcilddə “Naxçıvan folkloru antologiyası”, “Dədə Qorqud yurdu Naxçıvan atlası”, “Azərbaycan dilinin Naxçıvan dialektoloji atlası”, türk-islam ədəbiyyatının “Şahnamə”si sayılan “Qutadqu bilik” (XI əsr) poeması, “Naxçıvanda “Kitabi-Dədə Qorqud” toponimləri”, böyük islam mütəfəkkiri Nemətullah Naxçıvaninin 3 cildlik “Əl-fəvatih-ül-ilahiyyə-vəl-məfatih-ül-qeybiyyə”, “Nemətullah Naxçıvani: taleyi və sənəti”, 3 cildlik “Naxçıvan tarixi” kitabları, xeyli sayda digər nəşrlər tariximiz və mədəniyyətimizlə yanaşı, dilimizin də qorunub saxlanılması sahəsində əsaslı tədbirlərdəndir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı gənclərdə mütaliə mədəniyyətinin formalaşdırılması ilə yanaşı, onlarda ana dilinə sevgi və hörmət hisslərini də artırır. Naxçıvan şəhərində ucaldılmış “Ana dili” abidəsi dilimizin müqəddəsliyini və onu qorumağa borclu olduğumuzu bir daha yaddaşımıza həkk edir. Bu gün dilimizin qorunması və onun gələcək nəsillərə miras buraxılması zərurəti, borcu naxçıvanlı alim və ziyalılar tərəfindən uğurla həyata keçirilir. Bu yolda məqsədyönlü, perspektivli layihələr icra olunur. İndi uşaqdan-böyüyə hər kəs Azərbaycan dilinin ən ali dəyərimiz olduğunu bilir və onun saflığının qorunması üçün əzmlə çalışır. Çünki ana dilinin qorunması, yaşadılması ən böyük vətənpərvərlik nümunəsidir.
Dilbər Orucova
Naxçıvan Dövlət Universitetinin müəllimi, dissertant