Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbdə IX-XI sinif şagirdləri arasında keçirilən olimpiadada muxtar respublika üzrə 611 şagird iştirak edib. Şagirdlərin bilik və bacarıqlarını nümayiş etdirmələri üçün 3 saat vaxt verilib.
Qeyd edək ki, oktyabrın 24-də IX-XI siniflər üzrə məktəblilərin muxtar respublika fənn olimpiadasının I - şəhər və rayon mərhələsi keçirilib. Həmin şagirdlərdən 611-i yüksək nəticə göstərərək final mərhələsində iştirak etmək hüququ qazanıb.
Azərbaycan dili və ədəbiyyat, tarix, coğrafiya, riyaziyyat, fizika, kimya, biologiya, informatika fənləri üzrə keçirilən olimpiadaların təşkil edilməsində məqsəd xüsusi istedadlı uşaqların üzə çıxarılması, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaratmaqdır.
Sonda hər sinif üzrə fənlərdən I, II və III yerin qalibləri Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələrlə təltif olunacaqlar.