Dünyaşöhrətli azərbaycanlı alim NDU-da vebinar keçib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, ali təhsil ocağında növbəti vebinarı Yaponiyada yaşayan həmyerlimiz elektronika üzrə elmlər doktoru, professor Xəlil bəy Kələntər keçib. “İstiqamətli proyeksiya ekranının optik dizaynı” adlı vebinarda alim proyeksiya ekranları barədə danışıb və ilk dəfə belə ekranların tətbiqinin verə biləcəyi mənfəəti açıqlayıb.
Bildirilib ki, son illər sürətlə böyüyən bu displeylər kiçikdən böyük ölçülərə, aşağıdan yüksək parlaqlığa qədərdir. Hazırda kiçik ölçülü proyektorlar yaxın gözlü ekranlar, geyilə bilən displeylər, kiçik qrup görüşləri, fərdi istifadə, avtomobil salonu və əyləncələr üçün daha cəlbedicidir.
Azərbaycanlı alim onu da vurğulayıb ki, əvvəlki illərdə kiçik toplantılarda şəxsi istifadə, avtomobil dayaqları və göz proyeksiyası üçün funksional proyeksiya ekranı hazırlayıb və bu sonrakı mərhələlərdə inkişaf etdirilib. Qeyd edilib ki, ekran projektordan gələn işığı sabit bir bucaq altında əks etdirir və bu işıq müəyyən bir bucaq aralığında yayılır. Nəticə etibarilə əyilmə və yayılma bucağı görüntüsünün dəyişdirilməsi ekranın xüsusiyyətlərinin xeyli yaxşılaşmasına səbəb olur ki, bu da ekranda yeni tətbiqlərə yol açır.
Sonda müəllim və tələbələrin mövzu ilə əlaqədar sualları cavablandırılıb.
Səadət Əliyeva