Azərbaycan xalçaçılıq sənətinə həsr olunmuş dərs vəsaitinin təqdimatı olub - FOTOLAR
Naxçıvan Dövlət Universiteti Elmi Kitabxanasında Təsviri incəsənət kafedrasının müəllimi Ləman Məmmədovanın “Azərbaycan xalçaçılıq sənəti” adlı dərs vəsaitinin təqdimatı olub.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, tədbirdə universitetin rektoru Elbrus İsayev Naxçıvan xalçalarının xalqımızın maddi-mədəni irsinin formalaşmasında oynadığı roldan danışıb. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə təsdiq olunan “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı” bu sahədə görülən işləri daha da sürətləndirib, xalçaçılıq ənənələrinin dərindən öyrənilməsi, araşdırılması və təbliği üçün geniş imkanlar açıb. Rektor bu gün təqdimatı keçirilən kitabı müvafiq dövlət proqramı istiqamətində mühüm töhvə olaraq dəyərləndirib.
Təsviri incəsənət kafedrasının professoru, Azərbaycan Respublikasının Xalq rəssamı Hüseynqulu Əliyev, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Həbibə Allahverdiyeva kitabla bağlı fikirlərini bölüşüblər.
Vurğulanıb ki, İncəsənət fakültəsinin bakalavr, magistr, həmçinin xalça sənəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulan dərs vəsaiti tədqiqatçıların və görkəmli alimlərimizin Azərbaycan xalçaçılıq sənətinə dair çoxillik tədqiqatları, dəyərli əsərləri əsasında tərtib edilib.
Sonda müəllifin rəsm əsərlərindən ibarət sərgiyə və Əzizə Məmmədovanın tərtib etdiyi xalçaçılıq kompozisiyasına baxış olub.
Səadət Əliyeva