Təhsil Nazirliyi: Riyaziyyat fənnindən dərsliklərin hazırlanmasında Sinqapur təcrübəsi araşdırılacaq

A- A A+

Təhsil Nazirliyi tərəfindən riyaziyyat fənni üzrə təhsil proqramının və ümumi təhsil müəssisələrində istifadə edilən dərsliklərin müasirliyini, həmçinin rəqabətliliyini təmin etmək məqsədilə yeni layihəyə start verilir.

Nazirlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bununla bağlı dünyanın bir çox ölkələrinin riyaziyyat fənni üzrə standartlarını və dərsliklərini uğurla təkmilləşdirmiş Sinqapurun Marşal Kavendiş İnstitutu ilə müqavilə imzalanıb.

Marşal Kavendiş İnstitutu və Təhsil İnstitutu tərəfindən birgə icra olunacaq layihənin birinci mərhələsində azərbaycanlı fənn mütəxəssisləri sinqapurlu mütəxəssislərin riyaziyyat fənni üzrə təhsil proqramının nəzərdən keçirilməsi və təhlili üçün distant təlimlərdə iştirak edəcəklər. Əlavə olaraq, yerli mütəxəssislər riyaziyyat fənni üzrə ölkədə tətbiq olunan təlim və tədris materiallarının təhlili istiqamətində də təlimləndiriləcək. Növbəti mərhələlərdə sinqapurlu mütəxəssislərin tövsiyəsi əsasında yerli mütəxəssislər riyaziyyat fənninin tədrisi üzrə cari vəziyyəti təhlil etdikdən sonra müasir dövrün tələblərini və beynəlxalq təcrübələri nəzərə alaraq, riyaziyyat fənni üzrə təhsil proqramında və dərsliklərdə təkmilləşdirmə işləri aparacaqlar. Sonda sözügedən layihə çərçivəsində riyaziyyat kurikulumunun və I–IX sinif riyaziyyat təlim və tədris materiallarının təhlilinə dair iki hesabat və tövsiyə sənədi hazırlanaraq Təhsil Nazirliyinə təqdim olunacaq.

Qeyd edək ki, 14 yaşlı sinqapurlu şagirdlər ortalama 621 bal toplayaraq Riyaziyyat və Təbiət elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramının (TIMSS – Trends in International Mathematics and Science Study) 2015-ci il nəticələrinə əsasən riyaziyyat fənni üzrə 57 ölkədən olan 600 000 şagird arasında I yeri tutublar. Həmçinin Şagird Nailiyyətlərinin Beynəlxalq Qiymətləndirilməsi Proqramının (PISA – Programme for International Student Assessment) 2018-ci il hesabatına əsasən riyaziyyat fənni üzrə blokda Sinqapurun 15 yaşlı şagirdləri ortalama 569 ballıq uğurlu nəticə göstərərək İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı ölkələri arasında 2-ci yeri tutublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: