DİM “İnformatika” vəsaitinin yenilənmiş nəşrini istifadəçilərə təqdim edəcək

A- A A+

“Microsoft” şirkəti 2009-cu ilin oktyabrında istifadəyə verdiyi “Windows 7” əməliyyat sistemi üçün onillik məhsul dəstəyi göstərmək öhdəliyi götürmüşdü. Onillik dövr başa çatıb və şirkət 2020-ci il yanvarın 14-dən rəsmi olaraq müvafiq əməliyyat sistemi üçün dəstəyin dayandırıldığını elan edib. Həmin tarixdən sonra kompüterlərdə “Windows 7” əməliyyat sistemi işləsə də, proqram təminatı və təhlükəsizlik təminatında yeniləmələr olmadığı üçün bu, virus və zərərli proqramlarla yoluxma riski yaratmaqdadır. Şirkətin tövsiyəsinə görə, proqram təminatını və təhlükəsizlik sistemini yeniləmədən viruslardan və zərərli proqramlardan qorunmaq çətin olduğu üçün ən düzgün yol məhz “Windows 10”a keçməkdir. Bu tövsiyəni və yaranmış reallığı nəzərə alaraq, Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistratura səviyyəsinə informatika üzrə qəbul imtahanı proqramında dəyişiklik edərək “Windows 10” əməliyyat sisteminə keçid etməyi qərara alıb.

Mərkəzdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, dəyişiklik hələ ki əməliyyat sistemini əhatə edir. Növbəti illərdə qəbul proqramının digər hissələrinin və ofis paketinin də yenilənməsi nəzərdə tutulur.

Dövlət İmtahan Mərkəzi proqramda olunmuş dəyişiklikləri nəzərə alaraq, yaxın vaxtlarda magistraturaya və işə qəbul imtahanlarına hazırlaşanlara elmi-metodik kömək göstərmək məqsədilə hazırlanmış “İnformatika” vəsaitinin yenilənmiş nəşrini istifadəçilərə təqdim edəcək. Magistraturaya informatika üzrə yenilənmiş qəbul proqramı 2021-ci ilin əvvəllərində “Magistr” jurnalının 1-ci sayında bakalavrlara təqdim olunacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: