AMEA Naxçıvan Bölməsinin İnformasiya şöbəsindən NUHÇIXAN-a bildirilib ki, bölmənin Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əliəddin Abbasov “Həllolunma və Tarazılıq prosesləri” mövzusunda keçirilən 18-ci beynəlxalq simpoziumda iştirak edib. Simpozium Fransanın Tours şəhərində baş tutub.
Beş gün davam edən simpoziumda dünyanın bir sıra ölkələrinin elm adamlarının fundamental və tətbiqi elmlərin termodinamik tarazılıq və həllolunma sahələrində aparılan tədqiqatlarla bağlı məruzələri dinlənilib.
Beynəlxalq tədbirdə ölkəmizi təmsil edən AMEA-nın müxbir üzvü Əliəddin Abbasov “Sorbent-metal-ion qarışıqlı sistemlərdə tarazılıq” mövzusunda məruzə edib.
Qeyd edək ki, hər il ardıcıl keçirilən beynəlxalq simpozium çərçivəsində ilk dəfə olaraq məhlullar və onların xalq təsərrüfatında tətbiqinə dair xüsusi sessiya da təşkil edilib.