AMEA Naxçıvan Bölməsinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki elmi-nəzəri seminarda institutun elmi işlər üzrə direktor müavini, biologiya elmləri doktoru, dosent İsmayıl Məmmədov həyata keçirilən torpaq islahatlarının torpaqşünaslıq elminin inkişafına göstərdiyi mühüm təsirlərindən danışıb. Bildirilib ki, bu sahədə tədqiqatların aparılması ekoloji tarazlığı qorumaq və əhalini ərzaq məhsulları ilə təmin etmək baxımından olduqca mühüm əhəmiyyətə malikdir.
“Torpaq ehtiyatları” laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyev qeyd edib ki, yarandığı vaxtdan bu günədək laboratoriyanın əməkdaşları tərəfindən torpaq mühitinin qorunması, bərpası istiqamətində kompleks tədqiqatlar aparılıb. Həmin tədqiqatların nəticələri coğrafiyaşünas və torpaqşünas alimlər tərəfindən təhlil olunub, torpaq mühitinin qorunmasına, torpaq xəritələrinin tərtib olunmasına, ərazidə kənd təsərrüfatının yerli təlabata uyğun ixtisaslaşdırılmasına, eləcə də torpaqlardan səmərəli istifadə olunmasına dair tövsiyələr verilib.
Sonda İnstitutun əməkdaşlarının mövzu ətrafında çıxışları dinlənilib, seminar iştirakçılarını maraqlandıran məqamlara aydınlıq gətirilib.