Akademik İsmayıl Hacıyevin yeni kitabı tələbələrə təqdim olunub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsində gənc oxuculara akademik İsmayıl Hacıyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” kitabı təqdim edilib. 

Təqdimat mərasimində Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev ölkəmizdə, eləcə də muxtar respublikada gənclər siyasəti sahəsində reallaşdırılan layihələrdən danışıb. Qeyd olunub ki, gənclərin mənəvi tərbiyəsi və onların ictimai-mədəni həyatda iştirakı daim diqqət mərkəzində saxlanılır. Artıq muxtar respublikada yeni texnologiyalara yiyələnən, milli dəyərlərə sahib və çağdaş təfəkkürə malik vətənpərvər gənc nəsil formalaşıb.

Vurğulanıb ki, bu il noyabrın 21-də Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Siyasi Şurasının iclasında Ali Məclisin Sədri muxtar respublikada nəşr olunan kitablardan gənclərin vətənpərvərlik tərbiyəsində əsas mənbə kimi istifadə olunması barədə tapşırıqlar verib. Həmin kitablar sırasında Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı" monoqrafiyası da yer alıb. 

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev gənc oxuculara faktiki materiallar, rəqəmlər əsasında təhlil edilən monoqrafiya barədə məlumat verib. Diqqətə çatdırılıb ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” monoqrafiyası muxtar respublikanın son 25 ildəki sosial-iqtisadi və mədəni həyatının bütün sahələrini əhatə edib. Kitab diyarımızın tarixi, ictimai və mədəni həyatının tədqiqatçıları, iqtisadçılar, ali təhsil müəssisələrinin pedaqoji heyəti üçün zəruri vəsait olmaqla Naxçıvanşünaslıq elminə ən qiymətli töhfədir. 

Tədbirdə gənc oxuculardan Şövkət Kərimli kitabın tələbə-gənclər üçün dəyərli mənbə olduğunu diqqətə çatdırıb. Təqdimat mərasimində gəncləri maraqlandıran suallar da cavablandırılıb. 

Qeyd edək ki, muxtar respublikanın 95 illiyinə həsr olunan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi və mədəni inkişafı” kitabı “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis tərtibatla çap olunub. Giriş hissə və üç fəsildən ibarət olan monoqrafiyanın elmi redaktoru AMEA-nın müxbir üzvü, professor Fəxrəddin Səfərlidir.
 

Röyal Kərimov
 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: