“Naxçıvanda son 25 ildə sosial-iqtisadi inkişaf” adlı respublika konfransı keçirildi - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, konfransada əvvəlcə şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.
“Naxçıvan” Universitetinin rektoru, dosent Nurlana Əliyeva Naxçıvanda son 25 ildə həyata keçirilən uğurlu siyasət və sosial-iqtisadi inkişafdan danışıb. Qeyd olunub ki, ölkəmizdə aparılan islahatların davamı olaraq Naxçıvan Muxtar Respublikasında son 25 ildə həyata keçirilən müasirləşmə strategiyası və uğurlu sosial-iqtisadi siyasət nəticəsində yüksək artım dinamikası formalaşıb. Bu müddət ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə bütün sahələr yüksələn xətlə inkişaf edib. Ötən 25 il ərzində ali təhsil müəssisələrimizin də maddi-texniki bazası təkmilləşdirilib, informasiya kommunikasiya texnologiyaları ilə əhatə olunub. “Naxçıvan” Universitetində təhsil alan tələbələr və müəllimlər üçün hər cür şərait yaradılıb. Bu şəraitin nəticəsidir ki, hər il onlarla əcnəbi tələbə Naxçıvanda fəaliyyət göstərən universitetləri seçirlər.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov muxtar respublikada turizmin inkişaf tendensiyasından danışıb. Bildirilib ki, ölkə başçısının imzaladığı sərəncamlar, qəbul edilən Dövlət Proqramlarının uğurlu icrası və 2011-ci ilin “Turizm ili” elan edilməsi muxtar respublikada bu sahənin inkişafına göstərilən diqqətin daha bir ifadəsidir.
Konfransda Naxçıvan Dövlət Universitetinin müəllimi, professor Teymur Abbasov, “Naxçıvan” Universitetinin müəllimi, iqtisad üzrə elmlər doktoru Mehdi Bağırov və iqtisad üzrə fəlsəfə doktoru, dosent, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova vurğulayıblar ki, muxtariyyət yaşı 95 ildən çox olan Naxçıvanımızın tarixinə qızıl hərflərlə yazılan 1995-2020-ci illər ərzində əldə edilən nailiyyətlər ondan ibarətdir ki, muxtar respublika bu qısa zaman kəsiyində çıraq işığından enerji təhlükəsizliyinə, çörək qıtlığından ərzaq təhlükəsizliyinə, aqrar regiondan sənaye regionuna qədər əsrə bərabər uzun bir inkişaf yolu qət edib.
İki hissədən ibarət olan konfrans öz işini bölmə iclasları ilə davam etdirib.
Adilə Səfərova