Attestasiya üzrə test imtahanlarında uğur qazanmış musiqi müəllimlərinin müsahibə mərhələsinə start verilib
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, 2020-ci il 20-30 noyabr tarixlərində keçirilən attestasiya üzrə test imtahanlarında musiqi təhsili müəssisələrində çalışan 316 müəllim müvafiq keçid balını toplayıb. Test imtahanlarında uğur qazanan müəllimlərin praktik hazırlığı, peşəkarlıq və ifaçılıq qabiliyyətinin yoxlanılması məqsədilə müsahibə mərhələsinə start verilib.
Müsahibənin keçirilməsi üçün Mədəniyyət Nazirliyindən 1, Dövlət Qulluğu Məsələləri üzrə Komissiyadan 1, müstəqil ekspert qismində 3 nəfər olmaqla, 5 üzvdən ibarət müsahibə komissiyası yaradılıb. Naxçıvan Musiqi Kollecində keçirilən müsahibədə verilən tapşırıqların yerinə yetirilməsi üçün namizədlərə 30 dəqiqə vaxt verilib. Müsahibə mərhələsinin nəticələri beş ballıq sistem əsasında qiymətləndirilib.
Qeyd edək ki, müsahibədə 12 və ya daha çox bal toplamış namizəd bu mərhələdən keçmiş sayılır və müvafiq vəzifəyə təyin olunmaq üçün imtahan nəticələri Mədəniyyət Nazirliyinə təqdim olunur. Müsahibənin nəticələri haqqında məlumatlar Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilir.
Müsahibə mərhələsi 28 dekabr 2020-ci il tarixədək davam edəcək.
Mədinə Rəhimli