Naxçıvanda dərsliklərin nəşrqabağı təkmilləşdirilməsinə dair müzakirələrə start verildi - FOTOLAR
Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, 2021-2022-ci tədris ili üçün yenidən nəşr olunacaq II və VI sinif dərsliklərinin müzakirəsinə başlanılıb. İlk olaraq VI sinif “Azərbaycan dili” və “Ədəbiyyat” dərsliklərinin müzakirəsi keçirilib. Həmin ixtisaslar üzrə 50-dən çox muxtar respublika ümumtəhsil məktəblərinin qabaqcıl müəllimləri və ali təhsil müəssisələrinin professor-müəllim heyəti layihə dərsliklərlə bağlı irad və təkliflərini bildiriblər.
Müzakirənin nəticəsi olaraq irad və təkliflər Təhsil Nazirliyinin əməkdaşları tərəfindən təhlil olunaraq yekun rəy hazırlanacaq və aidiyyəti üzrə təqdim olunacaqdır. Nazirlik dərslik müzakirələrini ZOOM proqramı vasitəsilə qrafikə uyğun olaraq müxtəlif günlərdə onlayn qaydada keçirəcəkdir.
Bu günədək I, V, IX və X siniflər üzrə ümumilikdə 43 dərslik müzakirə olunub. Dərsliklərin nəşrqabağı təkmilləşdirilməsinə dair irad və təkliflər əsasında 40 dərslik üçün 514 yekun rəy hazırlanaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edilib. Onlardan da 90-ı yeni dərsliklərin nəşri zamanı nəzərə alınıb.
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” 2019-cu il aprelin 15-də keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən Təhsil Nazirliyinə ali məktəblərin professor və müəllim heyətləri ilə birlikdə yeni dərslik və dərs vəsaitlərinin müzakirəsinin təmin edilməsi tapşırılıb.