“İbrahim Səfinin həyatı və yaradıcılığı” kitabının təqdimatı keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsində İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun Təsviri və Dekorativ-Tətbiqi Sənətlər Şöbəsinin müdiri, sənətşünas Fizzə Quliyevanın görkəmli rəssam “İbrahim Səfinin həyatı və yaradıcılığı” kitabının təqdimatı keçirilib.
Tədbirdə AMEA-nın müxbir üzvü, professor Əbülfəz Quliyev çıxış edərək bildirib ki, İbrahim Səfiyevin bədii irsi çox zəngindir. İbrahim Səfi Türkiyənin sayılan rəssamlarından olub. Onun müxtəlif illərdə ölkənin ən iri şəhərlərində fərdi sərgilərinin keçirilməsi buna sübutdur.
Alim vurğulayıb ki, İbrahim Səfinin Azərbaycan və Türkiyədə rəssamlıq sənətinin inkişafını nəzərə alan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Görkəmli rəssam İbrahim Səfiyevin 120 illik yubileyinin keçirilməsi” haqqında 17 oktyabr 2018-ci ildə Sərəncam imzalayıb. Həmin Sərəncamdan sonra rəssamın həyat və yaradıcılığı geniş şəkildə öyrənilməyə, tədqiq olunmağa, araşdırılmağa başlandı. Bir çox məqalələr yazıldı, konfranslar keçirildi.
Rəssamın yaradıcılığı ilə bağlı sanballı tədqiqat əsərlərindən biri də Fizzə Quliyevanın haqqında bəhs etdiyimiz monoqrafiyasıdır.
Kitabın ilk səhifəsində oxuculara Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı təqdim olunur. Professor Vəli Baxşəliyevin ön sözü də monoqrafiyanın dəyəri və məzmunu haqqında bir çox fikirlərin formalaşmasına imkan verir.
AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru, professor Vəli Baxşəliyev bildirib ki, tədqiqat əsərində Fizzə Quliyeva əslən Naxçıvanlı olan İbrahim Səfiyevin türk dünyasının böyük və əvəzedilməz sənətkarı səviyyəsinə yüksəlməsini ardıcıl, özünəməxsus tərzdə təsvir edib.
Sonra kitabın müəllifi Fizzə Quliyeva qeyd edib ki, rəssamın həyat və yaradıcılıq yolu, sənət irsi nəinki Vətənə, həmçinin ümumbəşəri dəyərlərə, mənəvi zənginliklərə sevgi, sədaqət və hörməti aşılayır. Kitab görkəmli rəssam İbrahim Səfiyevin həyat və yaradıcılığı haqqında dolğun məlumata sahib olmaq baxımından olduqca əhəmiyyətlidir.
Adilə Səfərova