Muxtar respublikanın tarixi, iqtisadiyyatı, ədəbiyyatı ilə bağlı yeni kitablar işıq üzü görüb

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan torpağının yetirməsi, görkəmli ictimai xadim, yazıçı, dramaturq, tərcüməçi, pedaqoq Nağı Nağıyevin həyatı, yaradıcılığı və bədii irsindən bəhs edən “Nağı Nağıyev: taleyi və sənəti” kitabı işıq üzü görüb. Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin Sədri yanında Bilik Fondu tərəfindən nəşr olunan kitabın elmi redaktoru AMEA-nın müxbir üzvü Əbülfəz Quliyevdir. Kitaba görkəmli ədib haqqında məqalələrlə yanaşı “Müasirləri Nağı Nağıyev haqqında” bölməsi və qüdrətli söz ustasının ömür yolunu işıqlandıran fotoşəkillər də daxil edilib.

Fond tərəfindən işıq üzü görən digər kitab isə “Naxçıvan Neolit mədəniyyəti” monoqrafiyasıdır. İlk dəfə olaraq Naxçıvan ərazisində Neolit mədəniyyətinin özünəməxsus xüsusiyyətləri və mənşəyi təhlil olunduğu kitabın müəllifi AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Arxeoloji xidmət şöbəsinin müdiri Zeynəb Quliyeva, elmi redaktoru AMEA–nın müxbir üzvü, professor Vəli Baxşəliyevdir. Naxçıvanın Neolit mədəniyyətinə işıq tutan kitabda Naxçıvanın Neolit mədəniyyətinin digər mədəniyyətlərlə əlaqəsi, həmin dövrün ekologiyası, iqtisadiyyatı, ictimai quruluşu və inancları müəllifin özünün də iştirakı ilə aparılan arxeoloji qazıntılar zamanı aşkar olunan çoxsaylı materiallar müqayisəli şəkildə təhlil olunur.

Monoqrafiya müvafiq profil üzrə mütəxəssislər, doktorantlar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.     

Çap olunması AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti tərəfindən tövsiyə olunan “Naxçıvan Muxtar Respublikasının külək enerji ehtiyatları və ondan istifadə üsulları” kitabının müəllifi isə Bölmənin Təbii Ehtiyatlar İnstitutunun Fiziki tədqiqatlar laboratoriyasının əməkdaşı, texnika üzrə fəlsəfə doktoru Məhbub Kazımovdur. Akademik Arif Həşimovun elmi redaktorluğu ilə ərsəyə gələn kitab Naxçıvan Muxtar Respublikasının  Ali Məclisinin  Sədri yanında Bilik Fondu tərəfindən  nəşr olunub.

Kitab muxtar respublika ərazisində külək enerjisindən istifadənin stimullaşdırılması və inkişaf etdirilməsi  istiqamətlərini  müəyyən edir və külək enerjisi əsasında mikro enerji sistemlərinin əsas prinsiplərini özündə cəmləşdirir. Həmçinin ilk dəfə olaraq  muxtar respublikanın ərazisində küləklərin müəllif tərəfindən tərtib olunmuş kadastrı göstərilib.

Təqdim olunan digər bir çap məhsulu 2020-2021 tədris ili üçün “Tələbə qəbulunun nəticələri” məlumat kitabıdır. Məlumat kitabında Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun nəticələrinə dair məlumatlar yer alır.

Qeyd edək ki, hər dörd kitab Naxçıvan “Əcəmi” Nəşriyyat–Poliqrafiya Birliyi tərəfindən nəfis şəkildə çap olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: