Dövlət orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vakant vəzifələrin tutulması üçün esse imtahanı keçirilib - FOTOLAR
Naxçıvan Muxtar Respublikasının dövlət orqanlarında mətbuat xidmətlərinin fəaliyyətlərinin təşkili və qarşıda duran vəzifələrlə bağlı 19 may 2018-ci il tarixdə keçirilən müşavirədə qarşıya qoyulmuş tapşırıqların icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzi tərəfindən dövlət orqanlarında mətbuat və ictimaiyyətlə əlaqələr üzrə vakant vəzifələrin tutulması üçün esse imtahanı keçirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, imtahan başlanmamışdan əvvəl iştirakçılar imtahan qaydaları haqqında məlumatlandırılıb, esse yazmaq üçün onlara 90 dəqiqə vaxt verilib.
İmtahanda iştirakçılara müstəqil mühakimə yürütmək və əsaslandırmaq bacarığını nümayiş etdirməyə imkan verən “Ötən 25 ildə müasir Naxçıvan” mövzusu təqdim edilib.
Yazı işləri yoxlanılarkən iştirakçıların yaradıcılıq qabiliyyətləri qiymətləndirilib. Esse mərhələsində iştirak etmək üçün sənəd təqdim etmiş 12 nəfərdən 12-si imtahanda iştirak edib, onlardan 8-i müvafiq keçid balını toplayaraq müsahibə mərhələsində iştirak etmək hüququ qazanıb.
İmtahanın nəticələri Dövlət İmtahan Mərkəzinin rəsmi internet portalında (www.dqmk.nmr.az) yerləşdirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin mətbuat xidməti