Vüqarını dağlardan alan Vüqar - Söz tələbə jurnalistlərindir

A- A A+

Hər bir insanın doğulduğu, böyüdüyü və son nəfəsini verdikdən sonra əbədi yuxuya getdiyi bir torpaq vardır. Bu torpağa Vətən deyirik. Vətən millətin azadlığının və müstəqilliyinin simvoludur. Məhz bu səbəbdən insanlar ürəklərinin bir tərəfində hər zaman böyük bir sevgi olan Vətən sevgisini daşıyırlar. Bu sevgi sadəcə doğulduğumuz torpağı sevmək deyil, eyni zamanda mənsub olduğumuz milləti, vətəndaşı olduğumuz dövləti, azadlığımızın simvolu olan ay-ulduzlu şanlı bayrağımızı, dilimizi, adət - ənənələrimizi sevməkdir.

Düşmənin işğalçılıq siyasətinə son qoymaq üçün apardığımız 44 günlük  müharibədə  ürəyi bu sevgiylə dolu insanların qəhramanlıqları və fədakarlıqları tariximizə yeni bir tarix qatdı. İkinci Qarabağ müharibəsində ən yeni və qürurlu tariximizi yazanlar arasında qəhrəmanlar diyarı olan Naxçıvanın qorxmaz, yenilməz, məğrur igidləri də oldu. O igidlərdən biri də Əsgərov Vüqar Rza oğlu idi.

Vüqar 1994-cü ilin 26 noyabrında Kəngərli rayonunun Qarabağlar kəndində doğulub. İnsan taleyini adında yaşayır, deyiblər. Bəli, Vüqar da adının haqqını layiqincə verdi - öz əzəməti və vüqarı ilə… Vüqar təbiətcə sakit, səmimi və hamı ilə ünsiyət qura bilən bir gənc idi. Bu səbəbdən ətrafındakı insanlar tərəfindən çox sevilirdi. Vüqar orta təhsilini Qarabağlar kəndində birinci Qarabağ müharibəsi şəhidi olan Əbülfəz İmanovun adını daşıyan məktəbdə almışdı. Universitetə qəbul olsa da, ailəsinin maddi çətinlikləri olduğu üçün ali təhsil ala bilməyib. Atası Rza kişi ağır şəkərli diabet xəstəsi olduğundan ailənin bütün yükü Vüqarın üzərinə düşür. Hər zaman özündən çox ətrafındakı insanları düşünən Vüqar hərbi xidmətdə olduğu vaxtlarda da nizam - intizamı, qayğıkeşliyi, ayıq-sayıqlığı, vətənpərvərliyi ilə seçilirdi. Verilən döyüş tapşırıqlarını yüksək dəqiqliklə yerinə yetirən Vüqarın arzusu vətəni Azərbaycanı azad görmək idi. Hərbi xidmətini bitirdikdən bir qədər sonra vətənə səngərdə xidmət etmək arzusu onu müddətdən artıq xidmət edən hərbi qulluqçu olaraq yenidən səngərə qaytarmışdı. Vüqarını dağlardan alan Vüqar igidliyi, qorxmazlığı, vətənpərvərliyi ilə komandirlərinin sevgisini qazanmağı bacarır.

2020-ci ilin 27 sentyabrında torpaqlarımızın azadlığı uğrunda başlanan Vətən müharibəsində Qarabağı işgaldan azad etmək üçün  könüllü olaraq döyüşə gedən Naxçıvan igidlərinin cərgəsində Vüqar da var idi. Elinə - obasına, torpağına bəslədiyi sevgisi ilə zirehlənən Vüqarın qəlbində düşmənə duyduğu nifrət və qəzəbi onun ən güclü silahı idi.

Döyüşdə iştirak etdiyi vaxtlar yoldaşları ilə danışarkən yaxın günlərdə Qarabağı tam azad edəcəklərini və çox sevdiyi futbol oyununu Cıdır düzündə oynayacağını deyirmiş Vüqar. Hər zaman verdiyi sözləri yerinə yetirən Vüqar həyatında ilk dəfə olaraq atasına verdiyi "Ata, narahat olma, torpaqlarımızı alıb sağ-salamat sənin yanına qayıdacağam" sözünü tuta bilmədi.

Müharibədə igidlik göstərən Vüqar 25 oktyabr 2020-ci ildə Qubadlı uğrunda gedən döyüşdə qəhrəmancasına vuruşaraq şəhid oldu. Azadlığımız üçün canlarından keçən 2802 igiddən biri olan Vüqar ölümü ilə ölümsüzlük zirvəsini qazanaraq şəhidlik məqamına ucaldı.

Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirmiş Azərbaycan Respublikasının hərbi  qulluqçusu Əsgərov Vüqar Rza oğlu (ölümündən sonra ) “Vətən uğrunda” medalı ilə təltif edildi. Hər bir şəhidi hava limanında hər kəsə örnək ola biləcək şəkildə böyük sayğı və hörmətlə qarşılayan Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun dekabrın 14-də imzaladığı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına “Dəstək fondu”nun yaradılması haqqında Sərəncamı isə şəhid ailələrinə göstərilən diqqətin ən gözəl nümunəsidir.

Vətən uğrunda, bayrağımız uğrunda şəhid olan Vüqarın atası Rza kişi fəxr edir ki, bu gün oğlu ilə bütün Azərbaycan qürur duyur. Azadlığımız, suverenliyimiz uğrunda canlarından keçərək 30 illik Qarabağ həsrətimizə son qoyan şəhidlərimizi hər zaman sonsuz sayğı və sevgi ilə anacağıq. Allahdan şəhidlərimizə rəhmət, ailələrinə səbir diləyirik. Ruhunuz şad olsun, Qarabağın azadlıq qoxan Xarıbülbülləri!

İlahə Allahverdiyeva

Naxçıvan Dövlət Universiteti “Jurnalistika” ixtisası üzrə II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: