“İrəvan şəhəri” kitabı nəşr edilib

A- A A+

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BTMT) dəstəyi ilə Prezident Kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru Nazim Mustafanın “İrəvan şəhəri” kitabı nəşr edilib.

BTMT-nin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildiriblər ki, 10 fəsil, 22 bölmə və 292 səhifədən ibarət kitabda qədim siyasi və mədəniyyət mərkəzlərindən olan İrəvan şəhərinin tarixi keçmişi, ermənilərin İrəvan şəhərində və onun ətrafında məskunlaşdırılması prosesi, şəhər əhalisinin etnik tərkibi, memarlıq abidələri və onların aqibəti, sənətkarlıq nümunələri, İrəvan teatrı, ədəbi mühiti, mətbuatı, elm, mədəniyyət və dövlət xadimləri barədə ətraflı məlumat verilir. Həmçinin bu gün Ermənistanın monoetnik paytaxtına çevrilən İrəvanda XX əsrin əvvəllərindən etibarən ermənilər tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən 1905-1906-cı illər kütləvi qırğınları, 1918-1920-ci illər soyqırımı, 1948-1953-cü illər və 1988-1989-cu illər deportasiyalarının şəhərin azərbaycanlı simasının ermənilərin xeyrinə tamamilə dəyişməsi prosesi sənədlərin dili ilə işıqlandırılır.

Kitabda İrəvan şəhərində mövcud olmuş, lakin zaman-zaman erməni vandalları tərəfindən yer üzündən silinən tarixi-memarlıq abidələrinin dövrümüzə gəlib çatan şəkillərindən nümunələr verilib. Nəşrə 100-dən artıq rəsm əsəri, qravüraların surətləri və fotoşəkillər daxil edilib.

Qeyd edək ki, kitabın ilkin və yığcam variantı 2015-ci ildə Ankaradakı “Berkan Yayınevi” nəşriyyatında “İrevan şehri. Türk-İslam varlığı nasıl yok edildi” adı ilə nəşr edilmişdi. Müəllif ötən müddət ərzində kitabın üzərində yenidən işləyərək onu yeni faktlar və materiallarla zənginləşdirib. Müəllifin erməni dilini bilməsi erməni mənbələrdən istifadə etməsinə imkan yaradıb.

Kitabın rus və ingilis dillərinə tərcümə edilərək yenidən nəşri nəzərdə tutulur.

Kitab tarixçilər, tədqiqatçılar, tələbələr, analitiklər, həmçinin geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: