Türkiyənin Naxçıvan vasitəsilə Orta Asiyaya çıxışı muxtar respublikanın iqtisadi inkişafına mühüm töhfə verəcək - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “Naxçıvan” Universitetinin  və Ərzincan Binali Yıldırım Universitetinin birgə təşkilatçılığı ilə baş tutan “Türkiyə-Azərbaycan əlaqələri: müasir tarix və perspektivlər”  adlı onlayn beynəlxalq konfransda danışılıb.

Ali təhsil ocağının rektoru Nurlana Əliyeva Azərbaycan ilə Türkiyə  arasında əlaqələrin tarixinə toxunub. Qeyd edib ki, ortaq kök, dil, din birliyi, oxşar mədəniyyət, adət və ənənələr bu əlaqələri şərtləndirən amillər sırasında yer alır. Tarixin müxtəlif dövrlərində yaşadıqları çətinliklərə baxmayaraq, Türkiyə və Azərbaycan qardaş ölkələr kimi hər zaman bir-birinin yanında olublar. Vətən müharibəsi dövründə qardaş ölkə  bizə olan dəstəyini bir daha nümayiş etdirdi.

Rektor deyib ki, ölkələrimiz arasında iqtisadi əməkdaşlıqla yanaşı, təhsil, səhiyyə və mədəniyyət sahələrində də əlaqələr inkişaf edir, universitetlərimiz arasında elmi əməkdaşlıq və təcrübə mübadiləsi həyata keçirilir. Beynəlxalq konfrans və mədəni tədbirlərdə hər iki tərəfdən nümayəndələr iştirak edirlər.

Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət" müdrik kəlamı ilə  çıxışına başlayan Ərzincan Binali Yıldırım Universitetinin  rektoru, professor Levent Akın Azərbaycan ilə Türkiyə arasında olan dostluq, qardaşlıq əlaqələrinin sarsılmazlığından və möhkəmliyindən danışıb.

Ərzincan Binali Yıldırım Universitetinin  müəllimi, professor Salim Gökçenin, Azərbaycan Pedaqoji Universitetinin prorektoru, dosent Eldar Aslanovun, “Naxçıvan” Universitetinin  prorektoru, dosent Hüseyn Bağırsoylunun, AMEA Naxçıvan Bölməsinin Qafqaz tarixi şöbəsinin müdiri, dosent Emin Şıxəliyevin, “Naxçıvan” Universitetinin Tarix kafedrasının müdiri, dosent Mehman Şabanovun müxtəlif  mövzulardakı çıxışları  dinlənilib.

Qeyd olunub ki, ölkələrimiz arasındakı əlaqələrin inkişafında Naxçıvan Muxtar Respublikasının mühüm yeri vardır. Mustafa Kamal Atatürkün  Naxçıvanı “Türkün qapısı” adlandırması bu bölgənin strateji əhəmiyyətinin bariz nümunəsidir.  Naxçıvanla qərb rayonlarımız arasında birbaşa nəqliyyat dəhlizinin açılması, qardaş Türkiyənin Naxçıvan vasitəsilə Orta Asiyaya çıxışı muxtar respublikanın iqtisadi inkişafına  mühüm töhfə verəcək. Muxtar respublikanın turizm potensialından, eləcə də təbii ehtiyatlarında səmərəli istifadə regionun sosial-iqtisadi inkişafına bundan sonra da əlverişli zəmin yaradacaq.

                                            Mədinə Rəhimli

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: