DİM abituriyent və şagirdlərə kömək məqsədilə müxtəlif onlayn resurslar təqdim edir - FOTOLAR
Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən buraxılış və qəbul imtahanlarına hazırlaşan abituriyentlər, şagirdlər, həmçinin müəllimlər üçün faydalı ola biləcək müxtəlif növ elmi-metodik vəsaitlər hazırlanır. Bundan əlavə, pandemiya şəraiti ilə əlaqədar abituriyentlərin, şagirdlərin ənənəvi tədris üsullarından istifadə imkanları azaldığı üçün Mərkəz tərəfindən onlayn resursların hazırlanması işinə xüsusi diqqət yetirilir.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə DİM-dən məlumat verilib. Bildirilib ki, hazırda DİM tərəfindən abituriyentlərə və şagirdlərə kömək məqsədilə müxtəlif növ onlayn sınaq imtahanları, orta məktəb dərsliklərinin mövzuları üzrə vizuallaşdırılmış dərslər, qəbul imtahanı fənləri üzrə videomühazirələr təqdim olunur.
Abituriyentlər, şagirdlər, müəllimlər, həmçinin valideynlər xüsusi karantin rejimi və tədris prosesində yaranmış mövcud vəziyyətdən daha da səmərəli istifadə etmək üçün DİM tərəfindən aşağıda təqdim olunan tədris resurslarından yararlana bilərlər:
Qüvvədə olan tədris proqramına və fənn kurikulumlarına uyğun tərtib olunmuş “Yeni təhsil proqramı (kurikulum) üzrə qiymətləndirmə tapşırıqları” (5-11-ci siniflər) orta məktəb şagirdləri, abituriyentlər və müəllimlər üçün etibarlı mənbə hesab olunur. Bu vəsaitlərdən istifadə etməklə məktəblilərin təlim nailiyyətlərinin qiymətləndirilməsi həyata keçirilir. Vəsaitlərdən həm diaqnostik, həm formativ, həm də summativ qiymətləndirmədə istifadə olunur.
1–4-cü sinif şagirdləri Azərbaycan dili və riyaziyyat fənləri üzrə hazırlanan “İbtidai siniflər üçün qiymətləndirmə tapşırıqları”ndan istifadə etməklə məntiqi, nəzəri bilik və bacarıqlarını yoxlaya bilərlər. Vəsaitlərdə yer alan tapşırıqlarla tədris prosesində diaqnostik, formativ, summativ qiymətləndirmə aparmaq mümkündür.
Test topluları şagirdlər, abituriyentlər, müəllimlər tərəfindən geniş istifadə olunur. Eyni zamanda, təlim-tədris prosesində biliyin qiymətləndirilməsində istifadə üçün faydalı vəsaitdir. Bu toplulara DİM tərəfindən müxtəlif illərdə və müxtəlif təyinatlı imtahanlarda, habelə heç bir imtahanda istifadə olunmamış tapşırıqlar, yeni test modelləri daxildir.
Yeni təhsil proqramı üzrə imtahana hazırlaşanlar, yuxarı sinif şagirdləri və müəllimlər üçün vəsaitlər DİM-in qəbul imtahanları proqramı əsasında hazırlanan nəzəri materiallardan ibarətdir.
DİM-in qeyd olunan nəşrlərini (o cümlədən “Abituriyent” jurnalının buraxılışlarını) abiturient.az saytında bank kartı vasitəsilə ödəniş etməklə əldə etmək mümkündür. Nəşrlər poçt xidməti vasitəsilə Bakı şəhəri daxilində 2-3 gün, regionlar üzrə isə məsafədən asılı olaraq ən geci 5-7 gün ərzində sifarişçinin ünvanına çatdırılır.
Mərkəz tərəfindən otk.az portalı vasitəsilə müxtəlif növ onlayn sınaq imtahanları keçirilir. İstifadəçilər portalda fənlər və siniflərin hər bir mövzusu üzrə sınaq imtahanları vermək imkanına malikdirlər. Portalda, həmçinin 9 və 11-ci sinif şagirdləri üçün buraxılış və qəbul imtahanları, dövlət qulluğu, rezidentura, magistratura və doktoranturaya qəbul üçün sınaq imtahanları yerləşdirilib.
DİM-in “YouTube” kanalına "vizuallaşdırılmış dərs"lər də yerləşdirilib. Məktəb dərsliklərinin hər bir mövzusuna aid olan bu dərslərdə mövzular sadə dildə izah edilir və animasiyalarla müşahidə olunur. Hər bir dərsin müddəti mövzunun həcmindən asılı olaraq orta hesabla 2-3 və 10-12 dəqiqədir. Şagirdlər mövzuları dərsliklərlə bərabər bu videodərslərdən də öyrənə bilərlər.
Mərkəzin “YouTube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini də izləmək olar. Portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, rus dili, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 151 videomühazirə yerləşdirilib.