Memar Əcəmi Naxçıvani - 900 - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Memar Əcəmi Naxçıvaninin anadan olmasının 900 illik yubileyinə həsr edilmiş sərgi Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində keçirilib.
“Əcəmi Əbubəkr oğlu Naxçıvani Azərbaycan memarlığının görkəmli nümayəndəsi, Naxçıvan memarlıq məktəbinin banisi kimi şöhrət qazanıb”,-deyən rektor Elbrus İsayev Şərqin böyük dühalarının "Şeyxül-mühəndis" fəxri adı verilən Memar Əcəmi Naxçıvaninin yaradıcılığının sənətşünaslar, memarlar, inşaatçılar, filosoflar, ömürlərini bu sahəyə həsr etmiş müəllimlər və tələbələr üçün qiymətli töhfə olduğunu diqqətə çatdırıb.
Tədbirdə vurğulanıb ki, Əcəminin yaratdığı ilk məlum abidə Yusif ibn Küseyir türbəsidir. Naxçıvan şəhərinin mərkəzində yerləşən və el arasında "Atababa günbəzi" adı ilə tanınan bu türbə 1162-ci ildə tikilib. Təkcə Azərbaycanda deyil, islam aləmində ən hündür və incə kompozisiyalı türbələrindən sayılan Mömünə xatun türbəsini Əcəmi 1186-cı ildə Naxçıvanın qərb hissəsində ucaldılıb. Marağadakı Göy günbəzdə, Naxçıvan yaxınlığındakı Gülüstan türbəsində, Qarabağlar, Bərdə və Salmas türbələrində, türk memarı Memar Sinanın və İstanbulda ucaltdığı türbələrdə Əcəmi sənətinin ənənələri yaşayır.
Sonda istedadlı tələbələr diplomlarla təltif edilib, tələbələr tərəfindən hazırlanan maketlərin sərgisinə baxış olub.
Telli Mustafayeva