Gənclər paytaxtının xoşbəxt gəncləri - Söz tələbə jurnalistlərindir

A- A A+

Dünya üzərində hər bir xalq özünün gələcəyə olan ümidlərini gənc nəslə bağlayır. Gənc nəslin mütəşəkkil formada yetişdirilməsi ölkə üçün ən başlıca məsələlərdən biridir. Çünki gənclər millətin gələcək davamçısı, bugünkü təmsilçisidir. Gələcək və gənclik sözlərinin bənzəməsi yəqin ki, təsadüfi hal deyil. Gənclərin mükəmməl yetişdirilməsi ölkədəki sosial – iqdisadi, ictimai – siyasi və hüquqi bazanın formalaşmasında mühüm rol oynayır. Hər bir ölkənin gəncləri mənsub olduğu millətin mentalitetinə uyğun formalaşdırılır. Tarixi biliklərimizə istinad edərək demək olar ki, qədim Yunanıstan və Romada gənclər diktatorluq xüsusiyyətlərinə uyğun, qədim Spartada isə döyüşçülük məharətinə əsasən formalaşdırılırdı.

Azərbaycanımız hərtərəfli inkişaf edərək tarixinin ən yüksək zirvəsinə gəlib çatıb. Ölkəmizə layiqli bir vətənpərvər gənc kimi formalaşmaq çətin, bir o qədər də şərəfli missiyadır. Ümumilli lider Heydər Əliyev  hər zaman deyirdi:  “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bugünü, gələcəyi haqqında düşünməlidir”. Bəli, Azərbaycan gənci qarşısında duran əsas məsələ milli mənsubiyyətini, dilini, adət-ənənələrini, milli mədəniyyətini qoruyub, inkişaf etdirib olduğundan daha mükəmməl bir şəkildə gələcək nəsillərə miras qoymaqdır.

Ulu öndər Heydər Əliyevin ölkəyə siyasi qayıdışından sonra bütün sahələrdə uğurlu addımlar atılmağa başladı və tezliklə görülən işlər öz bəhrəsini verdi. Ümummilli liderin siyasi xəttinin əsasını gənclik təşkil edirdi. Gənclərə göstərdiyi diqqət və qayğı bu gün də öz bəhrəsini verməkdə davam edir. Gənc nəslin mütəşşəkkil formada yetişdirilməsi üçün 1996 - cı il 2 fevral tarixində Azərbaycan Respublikası gənclərinin ilk forumu keçirildi. Bu forum uğurlu  yolda atılan ilk addımlardan biri idi. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ulu öndər siyasi xəttinin davamçısı olaraq gəncləri hər zaman diqqət mərkəzində saxlayıbdır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev gənclərin  potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğuliyyətə cəlb edilməsi  üçün 2005 – ci il avqustun 30-da imzaladığı “Azərbaycan Gəncliyi Dövlət Proqramı“nın təsdiq edilməsi haqqında Sərəncam gənclərə olan dövlət qayğısını bir daha sübut etdi.

Bəşər sivilizasiyasının mədəniyyət ocaqlarından olan, füsunkar təbiəti, ləziz təamları, minilliklərə şahidlik edən tarixi abidələri, bir sözlə cənnətməkan olan Naxçıvanım, istəyirəm ki, bu gözəlliklərini qoynunda böyütdüyün gənclərinin dilindən eşidəsən. Yazında yarpızına, nanəsinə vurulduğum, yayında göycəsinə, alçasına tamah saldığım, payızında ocaq ətirli qovurmasından doymadığım, qışında lal təbiətini sevdiyim Tanrının başına sığal çəkdiyi yurdum, Naxçıvanım. Azərbaycanın ayrılmaz hissəsi olan bu qədim diyar həm də gənclər şəhəridir. Muxtar Respublikanın bütün sahələrində gənclərin inkişafı üçün hərtərəfli şərait yaradılıbdır. Gələcəkdə potensial kadrların hazırlanmasında məqsədyönlü işlər görülür. Atılan bütün uğurlu addımlar Ulu Öndər siyasətinə sadiq qalan, xalqına, o cümlədən gənc həmvətənlərinə sonsuz sevgi bəsləyən cənab Vasif Talıbovun səriştəsinin uğurlu nəticəsidir. Cənab Vasif Talıbovun “Ali və orta ixtisas müəssisələrinin müxtəlif təşkilatlara hamiliyə verilməsi” haqqında imzaladığı Sərəncam yaradıcı sahəyə ilk qədəm qoyan biz gənclərin öz bilik və bacarıqlarını sınamasına geniş zəmin yaratdı. Təhsil sahəsində atılan uğurlu addımlar hər bir gəncin rifahı və gələcəyi üçün əsaslı məqsəd daşıyır.

Asudə vaxtlarımda kitab oxumağı, ailə böyükləri ilə söhbətlər etməyi çox sevirəm. Ötən əsrin ikinci yarısında şahidi olduqları hadisələri dinləmək məndə xoş, bir az da  nağıl təəssüratı bağışlayır. Dinləyərkən aydın olur ki, ötən əsrin çalxantılı, bir o qədər də çətin günləri gənc nəslin formalaşmağında maneə idi. Həddi-büluğa çatmayan uşaqların, gəncliyini şirin yuxularına haram qataraq gözlədikləri neft və çörək növbələrində puç edən həmin insanların üzlərindən dərin kədəri hiss etmək çox da çətin olmur. Yaşadıqlarını dilə gətirərkən  “Kaş bizim üçün də belə gözəl şərait olardı“  deməyi də unutmurlar.

Muxtar Respublikamızda məqsədyönlü şəkildə həyata keçirilən işlərin nəticəsi olaraq bu gün müasir gənclik də yeni inkişaf mərhələsinə qədəm qoyub. Uğurla davam etdirilən dövlət gənclər siyasətinin böyük amallara hesablanmasını bu sahədə qazanılmış uğurlar təsdiqləyir. Gənclərin mütaliə bacarığını artırmaq, dünyagörüşlərini formalaşdırmaq üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tərəfindən “Oxunması zəruri olan kitablar” haqqında Sərəncam gənclərin sosiallaşdırılması, internet resruslarından mütəmadi və düzgün şəkildə istifadə edilməsi problemlərini aradan qaldırdı.

Ali Məclisin Sədri cənab Vasif Talıbov deyib: “Bu gün bizim qarşımızda bir vəzifə durur: mənəviyyatca təmiz, intellektli və vətənpərvər gənclər yetişdirmək. Gənclərin bir yolu var. Bu yol ölkə Prezidenti tərəfindən uğurla davam etdirilən Heydər Əliyev yoludur. Hər bir gənc yaradılan yüksək şəraitdən və göstərilən dövlət qayğısından bəhrələnərək Vətəni və xalqı üçün layiqli vətəndaş olmağa çalışmalı, üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməli və ona göstərilən etimadı doğrultmalıdır”.

Günü – gündən gözəlləşən doğma yurdumuzda görülən işlər, atılan uğurlu addımlar insanı qürurlandırır. Bu uğurların nəticəsidir ki, 2018-ci ildən etibarən Naxçıvan Gənclər paytaxtı kimi adını tarixə yazdırdı. Qoca şərqin qədim diyarının cavan vətəndaşları olaraq bizim üçün göstərilən diqqətə və qayğıya sadiq olmalı, bizə olan etimadı doğrultmalı, əlimizdə olan bu gözəlliklərdən səmərəli istifadə etməli və onları gələcək nəsillərə ötürməliyik. Əməllərimizlə ifadə edək - İşıqlı gələcək, gənclərlə gələcək.

            Məcid Əkbərov

Naxçıvan Dövlət Universiteti “Jurnalistika” ixtisası üzrə II kurs tələbəsi 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: