NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən “Vətəndaşların dövlət qulluğuna qəbul qaydaları” mövzusunda maarifləndirici seminar keçirilib.
Naxçıvan Muxtar Respublikası Dövlət İmtahan Mərkəzinin sədri İsmayıl Qəribli bildirib ki, bu gün muxtar respublikada vətəndaşların müsabiqə və şəffaflıq əsasında işə qəbulu üçün hərtərəfli şərait yaradılıb. Dövlət orqanlarında altıncı-yeddinci təsnifat üzrə vakant vəzifələrin tutulması Mərkəz tərəfindən müsabiqə yolu ilə həyata keçirilir. Bugünkü seminarın məqsədi vətəndaşların dövlət qulluğuna qəbulu qaydaları ilə bağlı qanunvericiliyin tələblərinin bu sahə üzrə məsul olan dövlət qulluqçularının diqqətinə çatdırılması və tətbiqinin təmin edilməsidir.
Mərkəzin əməkdaşı Orxan Abdullayev slayd vasitəsilə “Vətəndaşların dövlət qulluğuna qəbul qaydaları”nı izah edib. Orxan Abdullayev dövlət qulluğuna qəbulun müsabiqə əsasında keçirildiyini bildirərək, müsabiqənin test və müsahibə mərhələlərinin qanunvericiliyə uyğun şəkildə keçirilməsi, müsabiqədən müvəffəqiyyətlə keçmiş namizədlərin vakant vəzifələrə təyin olunması, eləcə də ehtiyat kadrlar siyahısı barədə geniş məlumat verib.
Seminarda müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
32 dövlət orqanı əməkdaşının iştirak etdiyi seminarda sosial məsafənin qorunması və digər sanitar-gigiyenik tələblərə əməl olunması məqsədilə seminar iki seans formatında keçirilib.
Mədinə Rəhimli