Ordubad şəhər İnternat tam orta məktəbində sosial qayğıya ehtiyacı olan şagirdlərə hədiyyələr verilib - FOTOLAR
Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Elşad Məmmədov, Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova çıxış edib. Bildirilib ki, muxtar respublikada yaşayan bütün kateqoriyadan olan uşaqlara, o cümlədən valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlara diqqət və qayğı göstərilir. Onların təhsili, milli ruhda təlim-tərbiyəsi, dünyagörüşünün formalaşması, sağlamlıqlarının qorunması daim diqqət mərkəzində saxlanılır.
Vurğulanıb ki, dövlətimizin göstərdiyi diqqət və qayğının nəticəsidir ki, bu kateqoriyadan olan uşaqlara məktəbli formaları və dərs ləvazimatları verilir, həmçinin qış geyimləri ilə təmin olunurlar. Sevindirici haldır ki, muxtar respublikada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların hər biri sağlam böyüyür, milli dəyərlər əsasında tərbiyə olunur, intellektual səviyyələri inkişaf edir və ən əsası da ali və orta ixtisas müəssisələrində təhsil alaraq layiqli vətəndaş kimi yetişirlər.
Sonra tədbirin təşkilatçıları uşaqları qarşıdan gələn bayramlar münasibətilə təbrik edib, onlara təhsillərində uğurlar arzulayıblar və sosial qayğıya ehtiyacı olan məktəblilərə hədiyyələr verilib.