NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Pedaqoji fakültəsində təqdimatı keçirilən yeni dərs vəsaiti “Pedaqoji Texnologiyalar” adlanır. Kitabın müəllifləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqogika üzrə elmlər doktoru Müslüm Nəzərov və "Fənlərin tədrisi metodikası və texnologiya müəllimliyi" kafedrasının dosenti Nizami Quliyevdir.
Yeni dərs vəsaitinin təqdimatı münasibətilə keçirilən tədbirdə universitetin Pedaqoji fakültəsinin dekanı, pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vəli Əliyev müasir dövrümüzdə texnologiyaların inkişafının mühüm əhəmiyyət kəsb etdiyini, pedaqoji sistemin yenilənməsinin çox vacib və aktual ideya olduğunu diqqətə çatdırıb və təqdim olunan kitabın tələbələr üçün əhəmiyyətindən danışıb.
Vurğulanıb ki, dərs vəsaiti oxucuda şəxsi sosial təcrübə əldə etmək qabiliyyəti, cəmiyyətdə öz yerini tapmaq bacarığını formalaşdıraraq təhsil problemlərinin birgə öyrənilməsinə yönəldilib. Kitabda təlim prosesinə müxtəlif yanaşmalar və tədris prosesində uğurla işləməsi üçün pedaqoji texnologiyaların mahiyyəti, quruluşu, funksiyaları, prinsipləri və şərtləri də göstərilib.
Pedaqoji texnologiyanın mahiyyətindən, əvvəlcədən verilmiş xarakteristikalar üzrə kompüter təlimi üçün işlənib hazırlanmış optimal didaktik proseslərdən danışan “Pedaqogika və psixologiya” kafedrasının dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Vahid Rzayev dərs vəsaitində informasiya texnologiyalarının təkcə məlumat əldə etməyi asanlaşdırdığına deyil, həmçinin təhsil fəaliyətinin dəyişkənliyinə, onun fərdiləşdirilməsinə və fərqləndirilməsinə açılan imkanlara toxunulduğunu vurğulayıb.
Sonra Texnologiya ixtisası üzrə III kurs tələbəsi Elazər Yəhyalı çıxış edərək bu kitabın tələbələrin pedaqoji biliklərin öyrənilməsində mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb.
Telli Mustafayeva