Akademik Yusif Məmmədəliyev-115

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunda  görkəmli kimyaçı alim, akademik Yusif Məmmədəliyevin anadan olmasının 115 illiyinə həsr olunmuş elmi konfrans keçirilib.

Konfransda AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev bildirib ki, Yusif Məmmədəliyev Azərbaycanda neft kimyasının əsasını qoyub. Müxtəlif karbohidrogenlərin katalizator iştirakı ilə xlorlaşdırılma və bromlaşdırılmasının yeni üsullarını təklif edib. Həmçinin görkəmli kimyaçı alim neft qazlarını, xüsusilə də metanı əvvəllər stasionar katalizator üzərində, sonralar isə qaynar təbəqədə xlorlaşdırmaqla, karbontetra-xlorid, metilxlorid, metilen-xlorid kimi qiymətli məhsullar alınması yollarını göstərib.

Qeyd edib ki, sovet ittifaqının alman faşizmi üzərində qələbəsində akademik Yusif Məmmədəliyevin ixtiralarının çox böyük əhəmiyyəti olub. Alim dünya elminə verdiyi mühüm yeniliklər nəticəsində aviasiyanın yüksək oktanlı yanacaqla təmin edilməsinə nail olub  və məhz bu kəşfin sayəsində 1943-cü ilin qışından II Dünya Müharibəsinin sonunadək sovet qırıcı təyyarələri havada üstünlüyü ələ keçiriblər.

Bildirilib ki, alimin təşəbbüsü və şəxsi iştirakı ilə bir sıra müəssisə və elm təhsil ocaqları yaradılıb. Akademik Yusif Məmmədəliyev dünyada ilk dəfə Azərbaycan nefti və təbii qazlarının tətqiqinə başlayıb, onların kimyəvi tərkibinin müəyyənləşdirilməsində uğurlu nailiyyətlər qazanıb. O, Azərbaycan kimyaçılarının iftixar mənbəyi olan “Yusif Məmmədəliyev məktəbi”ni yaradıb. Bu məktəbin nümayəndələri elmin yüksək zirvəsinə qalxaraq professor, elmlər doktoru, akademik kimi şərəfli adlara və elmi dərəcələrə layiq görülüb.

Tofiq Əliyev bildirib ki, görkəmli alim 200-dən çox əsərin, 6 monoqrafiyanın müəllifidir.

AMEA Naxçıvan Bölməsi Təbii Ehtiyyatlar İnstitutunun əməkdaşları Aliyə Rzayeva, Günel Məmmədova və Hüseyn İmanovun görkəmli kimyaçı alimin mühüm elmi yeniliklərindən bəhs edən çıxışları  dinlənilib. 

Tədbirin sonunda akademik Yusif Məmmədəliyevə həsr olunmuş videoçarx nümayiş etdirilib.

 

Mahmud Hüseynov

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: