Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, ümumtəhsil məktəblərində nümunəvi dərslərin tədrisi il ərzində Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi, Naxçıvan Dövlət Universiteti, “Naxçıvan” Universiteti, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Tibb Kolleci və Naxçıvan Dövlət Texniki Kollecinin əməkdaşları tərəfindən ayda bir dəfə elmi dərəcəli müəllimlər tərəfindən aparılır.
Oktyabr ayından başlayaraq numunəvi dərslərin tədrisi davam etdirilir. Belə ki, 2020-ci ilin dekabr ayının sonunadək Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin əməkdaşları tərəfindən 150, Naxçıvan Dövlət Universitetinin əməkdaşları tərəfindən 463, “Naxçıvan” Universitetinin əməkdaşları tərəfindən 27, Naxçıvan Müəllimlər İnstitutunun əməkdaşları tərəfindən 80 və Naxçıvan Tibb Kollecinin əməkdaşları tərəfindən 66 saat olmaqla, ümumilikdə 786 saat nümunəvi dərs tədris edilib. Elmlə təhsil arasında əlaqənin genişləndirilməsinə, məktəblilərin elmə marağının artmasına mühüm töhfə verən nümunəvi dərslər üçün tədris olunan mövzuların seçimi diqqətdə saxlanılır, şagirdlərin ali təhsil müəssisələri ilə bağlı təsəvvürlərinin formalaşması və elmi araşdırma məsələləri üzərində işləməyə həvəsləndirilməsi nəzərə alınır.
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 14 mart 2015-ci il tarixli Sərəncamına əsasən, muxtar respublikanın ümumtəhsil məktəblərində ali və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəsi və elmi adı olan alimlərinin iştirakı ilə nümunəvi dərslər təşkil edilir.