Vətənin vüsalına qovuşan Vüsal - Söz tələbə jurnalistlərindir

A- A A+

Dünyada bir zirvə var! Elə bir zirvə ki, bütün yüksəkliklər onun kölgəsində qalır. O zirvəyə  ancaq müqəddəs amal uğrunda Allahın verdiyi ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlayanlar ucalırlar. Bu məqamın sahibləri ölümləri ilə ölümsüzlüyə ucalan Şəhidlərdir.

Qanları ilə vətənə can verərək onu ucaldan igidlərin Tanrı dərgahındakı mükafatıdır Şəhidlik. Vətənimizin bütövlüyü uğrunda apardığımız haqq savaşında minlərlə igidimiz ömürlərinin ən gözəl çağını torpağına qurban verərək  bu ali rütbəyə layiq oldular.

Keçdiyi ömür yolu və göstərdiyi qəhrəmanlıq dastanı ilə hər birimizə örnək olan igidlərdən biri də Naxçıvanın mərd, qorxmaz, igid oğlu mayor Vəliyev Vüsal İslam oğludur.

1988-ci il 15 iyul tarixində Şərur rayonunun Dizə kəndində anadan olan Vüsal 5 uşaqlı bir ailənin dördüncü övladı idi. Səmimiyyətinə, mehribanlığına, qayğıkeşliyinə görə ailədə öz bacı və qardaşlarından çox seçilirdi Vüsal. Hər zaman fərqlənməyi bacaran bu igid göstərdiyi qəhrəmanlığı ilə də hamımızın qəlbində taxt qurmağı bacardı.

Hərb sənətinə marağı uşaq yaşlarından başlayan Vüsal ilk hərbi təhsilini Naxçıvanda Heydər Əliyev adına Hərbi Liseydə alır. Buranı bitirdikdən sonra Bakıda Heydər Əliyev adına  Azərbaycan Ali Hərbi məktəbində təhsil alaraq zabit kimi ordu sıralarında xidmət edir. 2012-ci ildə keçirilən Xüsusi təyinatlı zabit kursunu müvəffəqiyyətlə bitirən Vüsalın hər zaman arzusu, amalı  Vətən olur. Elə bu kursda olduğu müddətdə bacısının toyu olsa da, Vüsal vətən üçün hərbi sirləri öyrənməyi daha üstün tutub bacısının toyunda iştirak etmir. Ana yurduna sərhəddə, yayın qızmar günəşinin, qışın şaxtasının altında səngərdə duraraq keşik çəkən Vüsalın döyüş yolu Beyləqanda, yay aylarında istisi ilə  cəhənnəmi xatırladan Haramı düzündən başladı. Amma bu isti onun qəlbində alovlanan Vətən sevgisinin yanında sərin küləyə döndü.

Yaşadığı heç bir çətinlik Vüsalı bu sevdadan nəinki döndərə bilmədi, hətta yurduna, torpağına daha çox bağladı. Sonralar Füzuli, Tərtər, Ağdam, Qazax, Tovuz rayonlarında xidmət göstərən igidimizin son xidmət yeri Göygöl rayonu oldu. Vüsal burada həmlə taborunun komandiri təyin edildi. Əsgərləri üçün hər zaman örnək komandir olmağı bacaran Naxçıvanlı igid tabeliyində olan bütün əsgərlərin böyük qardaşı, dostu, sirdaşı olmağı da bacardı.

Şəhidin qardaşı onunla bağlı xatirələrindən danışarkən deyir ki, bir dəfə xidmət dövründə soba yandırarkən əlinə tökülmüş yanacaq səbəbindən Vüsalın əsgərinin əli yanmışdı. Vüsal əsgərinin əlindən qalxan alovu öz sinəsinə basaraq söndürmüşdü. Bu vaxt onun həm əli, həm də sinəsi yanmışdı. Məzuniyyət vaxtı evə gələndə anam onun əlindəki yanıq izlərini görüb pis olmasın deyə, sifarişlə çox çətinliklərlə tapılan bir dərman gətizdirmişdi ki, Vüsal əlinə çəksin, yanıqları sağalsın. Amma Vüsal bu dərmanı özü istifadə etmədi. O,  dərmanı əli yanan əsgərin əllərinə çəkib onun yaralarını sağaltdı ki, qoy onun da anası övladının yarasını görməsin. Baxın, Vüsal belə böyük ürəyə sahib igid idi."

Aprel döyüşlərində də iştirak edən Vüsal general Polad Həşimovun sevdiyi, yetişdirdiyi zabitlərdən idi. Axırıncı dəfə sentyabrın 20-də ailəsi ilə görüşən Vüsal şəhid general Polad Həşimovdan danışaraq bir gün mütləq onun qisasını alacağını dedi və dediyinə də əməl etdi. Müharibənin başladığı ilk gündən döyüşdə iştirak edən Vüsal yüzlərlə düşməni məhv edərək Şuşaya qədər gedib çıxan igidlərdən biri olmağı bacardı. O sevdiyi bir xanımla nişanlı idi. Hətta toyu da planlaşdırılmışdı. Vüsal sevdiyi xanıma qovuşa bilmədi, amma qanıyla, canıyla ən böyük sevdası olan torpağa qovuşdu, Vətənin sevdalısı oldu. 9 noyabrda Şuşa uğrunda gedən döyüşlərdə canını qurban verdiyi vətənin qanla islanmış bağından ən ali bir məqama yüksələn igidimiz itkin şəhidlərdən biri idi. Atasının ürəyi buna dözməyib haqq dünyasına qovuşdu.

Vüsalın mübarək nəşi dekabrın 14 -də Naxçıvan Beynəlxalq Hava limanında ehtiramla qarşılandı və  Şərur rayon Şəhidlər xiyabanında dəfn edildi.

Hər bir əsgəri, zabiti ilə qürur duyan Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin 2020-il 15 dekabr tarixində imzaladığı Sərəncama əsasən mayor Vüsal İslam oğlu Vəliyev (ölümündən sonra) "Vətən  uğrunda" medalı ilə  təltif edildi.

Ruhun şad olsun, şəhid qardaşım! Sən Vətən sevdasının ən gözəl dastanını yazaraq hər birimizə örnək olarkən suyunu içib, çörəyini yediyin torpağın yenilməz igidlərindən oldun. O gözəl gülüşünlə ölümə meydan oxudun. Tarixinə zəfər qatdığın bu xalq sənin kimi igidləri hər zaman sayğı ilə xatırlayacaq. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

                                  İlahə Allahverdiyeva

                       Naxçıvan  Dövlət Universiteti

                           “Jurnalistika” ixtisası üzrə II kurs tələbəsi

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: