Akademik Yusif Məmmədəliyevin 115 illik yubileyi qeyd edilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Naxçıvan Dövlət Universitetinin Təbiətşünaslıq və kənd təsərrüfatı fakültəsində akademik Yusif Məmmədəliyevin 115 illiyinə həsr olunmuş elmi seminar keçirilib. Universitetin rektoru Elbrus İsayev bildirib ki, Naxçıvan Dövlət Universiteti 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlayanda görkəmli alim Yusif Məmmədəliyevin adını daşıyıb. Yusif Məmmədəliyev Azərbaycan elminin təşkili, dünya elminə inteqrasiyası sahəsində əvəzsiz xidmətlər göstərib.
Vurğulanıb ki, dahi kimyaçı alim Azərbaycanda neft kimyasının əsasını qoyub.
“Yarıda qalmış ideyaların böyük sahibi” adlı çıxışında AMEA-nın müxbir üzvü Əliəddin Abbasov qeyd edib ki, akademik əsl vətənpərvər kimi hələ o dövrdə Azərbaycanda Əlyazmalar Fondunun yaradılmasına, Qobustan abidələrinin qorunub saxlanılmasına, qədim Azərbaycan eposu “Kitabi-Dədə Qorqud” dastanının, Qafqaz Albaniyasının tarixinin tədqiqinə, “Nizamişünaslıq” elminin əsasının qoyulmasına nail olub.
Bildirilib ki, misilsiz xidmətlərinə görə Y.Məmmədəliyev Azərbaycanın ilk kimyaçı akademiki, Azərbaycan Dövlət Universitetinin rektoru, iki dəfə Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olub. Akademikin dünya elminə daha bir misilsiz töhfəsi strateji raketlər üçün 1950-ci ildə yaratdığı duru yanacaq olub.
Günay Hüseynova
Naxçıvan Dövlət Universitetinin
“Jurnalistika” ixtisası üzrə I kurs tələbəsi