Müəllimlərin STEAM tədris metodu ilə bağlı 1 aylıq təlimləri başa çatıb - FOTOLAR
Bu barədə Təhsil Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən xəbərdə bildirilir. Nazirliyin təşkilatçılığı ilə Naxçıvan Dövlət Texniki Kollecində muxtar respublika ümumtəhsil məktəblərindən 28 məktəb üzrə 30 müəllimin iştirak etdiyi STEAM təlim metodunun tədrisi məqsədilə təlimlər keçirilirdi. Bir ay ərzində keçirilən təlimlər nəticəsində müəllimlər STEAM düşüncəsi və metodikası, XXI əsr bacarıqları, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları və s. bu kimi istiqamətlərdə məlumatlara yiyələniblər.
Təlimlərdə iştirak edən müəllimlərə nəzərdə tutulan proqram əsasında STEAM tədrisi üçün istifadə olunan “www.tinkercad.com” səhifəsindən onlayn istifadə bacarıqları mənimsədilib.
Qeyd edək ki, innovativ inkişafın açarı olan STEAM təlim metodu pilot olaraq tətbiqi nəzərdə tutulan ümumtəhsil məktəbləri üzrə VI və VII sinif şagirdləri üçün tədris olunacaq.
Təlimləri başa vuran müəllimlərə yanvar ayında sertifikat veriləcək.