Naxçıvan Dövlət Universiteti və “AKİ PHARM” MMC-nin kollektivləri əsgərlərə bayram sovqatı aparıblar - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki,bayram sovqatı 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə aparılıb.
Universitetin rektoru Elbrus İsayev əsası xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulan Dünya Azərbaycanlılarının Həmrəylik Gününün hazırda bütün dünya azərbaycanlıları tərəfindən qeyd edildiyini deyib. Azərbaycan diasporunun xarici ölkələrdəki fəaliyyəti və qazandığı uğurları diqqətə çatdıran rektor, bu siyasətin ölkəmizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb. Elbrus İsayev əsgər və zabitləri Dünya Azərbaycanlılarının Həmrəyliyi günü münasibətilə təbrik edərək belə görüşlərin keçirilməsinin xalq və ordu həmrəyliyinin ən yaxşı göstəricilərindən biri olduğunu bildirib. Vurğulanıb ki, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin qətiyyəti və rəşadətli Ordumuzun şanlı mübarizəsi 2020-ci ili tariximizə zəfər ili kimi həkk etdi. Vətən müharibəsində tarixi qələbənin əldə olunmasında naxçıvanlı əsgər və zabitlər böyük şücaət və fədakarlıq nümunəsi göstərdilər. Bu gün hər bir azərbaycanlı 44 gün ərzində torpaqlarımızı işğalçılardan təmizləyən, ölkəmizin ərazi bütövlüyünü bərpa edən rəşadətli Ordumuzla fəxr edir.
Hərbi hissənin şəxsi heyəti adından çıxış edən kapitan Qadir Novruzov ordu quruculuğu sahəsində görülən işlərdən danışıb, onların hər zaman diqqət və qayğı ilə əhatə olunduğunu, heç bir bayramda unudulmadıqlarını qeyd edərək minnətdarlığını bildirib.
Sonra gətirilən sovqat əsgərlərə təqdim olunub.
Səadət Əliyeva