Naxçıvanda təhsil televiziyası və radiosunun təqdimatı olub - FOTOLAR

A- A A+

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, yanvarın 8-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilən Televiziya və Radio Verilişləri Redaksiyasının təqdimatı keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının rəhbəri Ülvi Hüseynli çıxış edərək deyib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib. Artıq “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosu təhsillə bağlı televiziya və radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirəcək, muxtar respublikanın təhsil müəssisələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərəcəkdir.

Qeyd olunub ki, muxtar respublikada həyata keçirilən təhsil siyasətinə, təhsil quruculuğuna, cəmiyyətin elm və təhsil üzrə ümumi maraqlarının təmin edilməsinə yönəlmiş televiziya və radio proqramlarının hazırlanması və yayımı teleradionun proqram siyasətinin əsasını təşkil etməlidir. Tariximiz, mədəniyyətimiz, milli dəyərlərimizlə bağlı maarifləndirici verilişlərin yayımı gənc nəslin vətənpərvərlik, eləcə də tarixi-mədəni irsimizə və milli dəyərlərimizə sədaqət ruhunda tərbiyəsində mühüm əhəmiyyətə malik olacaqdır. Teleradioda informasiya siyasəti də həyata keçiriləcək, muxtar respublika həyatında təhsillə bağlı yeniliklər və aktual məsələlər haqqında tamaşaçı və dinləyicilərə operativ məlumatlar çatdırılacaqdır. Uşaqların intellektual və fiziki inkişafı, sadə əmək vərdişlərinə yiyələnməsi, istedadlarının üzə çıxarılması və sağlamlığının qorunması ilə bağlı maarifçilik işi teleradionun proqram siyasətində əsas yer tutacaqdır. Muxtar respublikanın təhsil müəssisələrindəki mövcud imkanlar və şərait tədrisyönümlü teleradio verilişlərinin çəkilişini və yazılışını təşkil etmək üçün geniş imkanlar açır. Bu istiqamətində sistemli iş aparılmalı, televiziyanın fondu yeni verilişlərlə zənginləşdirilməli, düzgün proqram siyasəti həyata keçirilməlidir.

Ülvi Hüseynli Ali Məclis Sədrinin müəyyənləşdirdiyi vəzifələrin icrasında kollektivə uğurlar arzulayıb.

Naxçıvan Muxtar Respublikasının Təhsil naziri Rəhman Məmmədov çıxış edərək deyib ki, muxtar respublika ümumtəhsil məktəblərində yaradılan şərait multimedia xarakterli dərsliklərin, elektron tədris vasitələrinin, yeni təlim metodlarının, o cümlədən STEAM təliminin təhsil prosesində tətbiq olunmasına geniş imkanlar açıb. Bütün bunlar isə muxtar respublika təhsil mühitində innovativ yanaşmaların tətbiqini təmin etməklə yanaşı, eyni zamanda təhsilin inkişafına da öz müsbət təsirini göstərməkdədir. Televiziya və Radio Verilişləri Redaksiyasının Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilməsi isə muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının növbəti bariz nümunəsi olmaqla, təhsilin informasiyalaşdırılmasında yeni bir mərhələ təşkil edir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında artıq 2021-ci il yanvarın 1-dən “Kanal 35” televiziyası tədrisyönümlü fəaliyyətə başlayıb. Bu isə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onların maariflənməsinə, yeni biliklər almasına, əldə etdikləri bilikləri zənginləşdirmələrinə geniş imkanlar yaradacaqdır. Təhsil Nazirliyi tərəfindən şagirdlərin Azərbaycançılıq məfkurəsi, milli-mənəvi dəyərlər, vətənpərvərlik ruhunda tərbiyə olunmaları, onlara sağlam həyat tərzinin təbliği istiqamətində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi nəzarətdə saxlanılır. “Kanal 35” televiziyasının da əsas missiyası maarifçilik olacaqdır. Rəhman Məmmədov muxtar respublikada təhsilə göstərdiyi dövlət qayğısına görə muxtar respublika təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

Tədbirdə Televiziya və Radio Verilişləri Redaksiyasının baş redaktoru Ramal Məmişov çıxış edərək bildirib ki, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsindən sonra bütün sahələrdə olduğu kimi, televiziya və radio da ölkəmizdə yeni bir inkişaf mərhələsinə qədəm qoyub. “Kanal 35” televiziyası da ulu öndərimizin hakimiyyətə gəlməsinin 35 illiyi münasibətilə yaradılıb. “Televiziya məktəb qədər vacib bir sahədir”,- deyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun diqqət və qayğısı ilə “Kanal 35” televiziyası və “Naxçıvaın səsi” radiosu böyük inkişaf yolu keçib. Redaksiyanın kollektivi üzərinə düşən bu məsuliyyətli işin öhdəsindən gəlmək üçün səylə çalışacaq.

Sonda televiziyanın yeni fəaliyyət istiqaməti ilə bağlı videoçarx nümayiş olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: