İqtisadçı alimlərin hazırladığı yeni kitabın təqdimatı olub - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Naxçıvan” Universitetində iqtisadçı alimlər tərəfindən hazırlanan “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi perspektivləri: reallıqlar və nəticələr” adlı kitabın təqdimat mərasimi keçirilib.
Universitetin rektoru Nurlana Əliyeva bildirib ki, “Naxçıvan” Universitetinin elmi şurasının qərarı ilə çapa məsləhət bilinən və ötən il işıq üzü görən dərs vəsaiti 5 fəsildən ibarətdir. Dərs vəsaitində muxtar respublikanın sosial-iqtisadi inkişafının müasir, davamlı islahatlar dövründə nəticələri, ixrac ilinin uğurları və uzunmüddətli perspektivlərindən bəhs olunur. Kitabda aparılan təhlillərdən aydın olur ki, Naxçıvan Muxtar Respublikası son 25 ildə ölkənin milli iqtisadi quruculuq prosesində artan dinamikaya əsaslanan nəticələri əldə etməkdədir. Bu da qarşıdakı dövrlər üçün müəyyən olunan prioritetlərə əsaslı dayaqdır. Qeyd olunub ki, iqtisadçı alimlərin ərsəyə gətirdikləri bu kitab tələbələr, aspirant, dissertant və doktorantlardan ibarət gənc tədqiqatçılar üçün dəyərli mənbədir.
Universitetin prorektoru Hüseyn Bağırsoylu kitabın elmi məziyyətləri və fərqləndirici xüsusiyyətlərindən danışıb. Bildirib ki, kitabda Naxçıvan Muxtar Respublikasının dinamik inkişafının düzgün təhlilinə, həmçinin dayanıqlı iqtisadiyyatın qurulma mərhələlərinə geniş yer verilib. Kitabın ayrı-ayrı fəsillərində aktual məsələlərin təhlili və qarşıda duran istiqamətlərin zəruriliyini aydın göstərdiyini diqqətə çatdıran prorektor kitabı tədris üçün əhəmiyyətli vəsait kimi dəyərləndirib.
“Naxçıvan” Universitetinin idarəetmə kafedrasının müdiri, dosent İradə Bağırova, iqtisadçı alimlərdən Ceyhun Mahmudov və Mehdi Bağırov kitabın ayrı-ayrı fəsillərindən bəhs edib, əhəmiyyətindən danışıb və ixtisas tələbələri üçün dəyərli vəsait olduğunu bildiriblər. Onlar bu sanballı dərs vəsaiti üçün müəlliflərə minnətdarlıq ediblər.
Bildirilib ki, kitabın hazırlanmasında 65 mənbədən və statistik rəqəmlərdən istifadə olunub, ümumiləşdirmələr aparılıb, muxtar respublika iqtisadiyyatının ayrı-ayrı sahələri təhlil edilib.
Məhəmməd Fərəcov