Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu barədə 2020-ci ilin yekunları və 2021-ci ildə qarşıda duran vəzifələrlə bağlı keçirilən tədbirdə Mərkəzin sədri İsmayıl Qəribli məruzəsində bildirib. Qeyd olunub ki, ötən il dövlət qulluğuna dair qanunvericiliyin dövlət orqanlarında tətbiqinə nəzarət edilib, 7 dövlət orqanının qanunvericiliyə uyğun olmayan 11 qərarı ləğv etdirilib, digər 7 dövlət orqanının 11 qərarı isə dəyişdirilib.
2020-ci il ərzində dövlət orqanlarında vakant vəzifələrin tutulması üçün keçirilən 3 müsabiqədə 1159 namizəd iştirak edib, 600 namizəd test imtahanlarında uğur qazanıb və 72 nəfər müvafiq vəzifələrə təyin olunub.
İl ərzində hüquq mühafizə orqanlarının əməkdaşlarının və dövlət musiqi təhsili müəssisələrində çalışan müəllimlərin attestasiyası ilə bağlı keçirilən test imtahanlarında iştirak edən 851 namizəddən 383-ü uğur qazanıb.
Ümumilikdə, 2020-ci il ərzində keçirilən 20 test imtahanında 3905 namizəd iştirak edib, 1871 namizəd uğur qazanıb. Hesabat dövründə Mərkəz keçirdiyi imtahanlarda uğur qazanan 381 nəfər, ehtiyat kadrlar siyahısından 6 namizəd müvafiq vəzifələrə təyin olunub.
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasını təmin etmək məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən “Səyyari dövlət qulluğu xidməti könüllülüyü” layihəsi həyata keçirilib. Mərkəzin əməkdaşlarından və könüllülərdən ibarət xidmət qrupu rayonlara gedərək müsabiqələrdə iştirak etmək istəyən 77 vətəndaşa operativ köməklik göstərib. Dövlət İmtahan Mərkəzinə hamiliyə verilən Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələrinin iştirakı ilə müxtəlif mövzularda 10 seminar keçirilib.
İsmayıl Qəribli bildirib ki, dövlət qulluqçularının peşəkarlığının və xidməti fəaliyyətinin keyfiyyətinin artırılması üçün dövlət qulluğu sahəsində qəbul edilmiş normativ hüquqi aktların dövlət qulluqçuları tərəfindən öyrənilməsi Dövlət İmtahan Mərkəzinin əsas hədəflərindən biri olub.
Sonra məruzə ətrafında çıxışlar dinlənilib.