Müəllimlərin işə qəbulu üçün keçirilən test imtahanlarda 136 nəfər keçid balını toplaya bilib

319

Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə Naxçıvan Muxtar Respublikasının Dövlət İmtahan Mərkəzinin mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, Mərkəz tərəfindən müəllimlərin işə qəbulu üçün 17 noyabr 2020-ci ildə elan edilmiş müsabiqəyə 156 vakant vəzifə çıxarılıb, 261 namizəd sənəd təqdim edib. İmtahanlarda iştirak edən 248 namizəddən 136 nəfəri müvafiq keçid balını toplayıb, 13 nəfər isə imtahanlarda iştirak etməyib. İmtahan nəticələrinə əsasən ən yüksək göstəricilər ingilis dili, Azərbaycan dili, riyaziyyat, coğrafiya, fizika və ibtidai sinif müəllimliyi ixtisasları üzrə qeydə alınıb.

Müsabiqədə iştirak edənlərlə müvəffəqiyyət qazananların say nisbətində ən yüksək nəticələri isə Naxçıvan şəhəri (100 %), Culfa (77 %), Ordubad (63 %) və Babək (57 %) rayonlarından müraciət edən namizədlər göstərib.

“Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının aparılması qaydaları”na uyğun olaraq vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunacaq. Stimullaşdırıcı tədbirlər tətbiq olunan müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 50 faizini (30 bal), digər müəssisələrə işə qəbul üçün test tapşırıqlarının 75 faizini (45 bal), habelə musiqi, texnologiya, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə işə qəbul, o cümlədən rus bölməsində işləmək üçün test tapşırıqlarının 40 faizini (24 bal) düzgün cavablandırmış namizədlər keçid balını toplamış hesab edilir.

Qeyd edək ki, ali və orta ixtisas təhsilli namizəd tərəfindən eyni bal toplanıldıqda, ali təhsilli namizədə, keçid balını toplamış namizədlərin hamısı ali təhsilli və ya orta ixtisas təhsilli olduqda ixtisas fənni üzrə daha çox bal toplayan namizədə üstünlük verilir. İxtisas fənni üzrə toplanılan bal eyni olduqda pedaqoji stajı daha çox olan, pedaqoji staj eyni olduqda isə diplom göstəriciləri daha yaxşı olan namizədə üstünlük verilir.

Test imtahanları şəffaflıq əsasında elektron proqram təminatı vasitəsilə keçirilib. İmtahanlar bitdikdən dərhal sonra iştirakçılara  nəticələrə dair arayış təqdim edilib.

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: