Dastana dönən ömürlər - Söz tələbə jurnalistlərindir - FOTOLAR
Tanrı yaratdığı hər insana bir ömür payı verib. Bunu az sayanlar da var, çox sayanlar da. İnsan var ki, uzun ömrünü bada verir, insan da var ki, qısa ömrü ilə tarix yazır. Təkcə ölümləriylə deyil, yaşadıqları ömürləri ilə də vətən torpağında daşa çevrilib sözün əsl mənasında vətəndaş olan insanlar vardır. Belə insanlar onları əhatə edən cəmiyyətə, mənsub olduğu millətə, üstündə böyüdüyü torpağa sevgi bağları ilə möhkəmcə bağlanıb onunla bütünləşirlər. II Qarabağ müharibəsində də biz vətənlə bütövləşən igidlərin qəhrəmanlıqlarına şahid olduq.
44 günlük Vətən müharibəsinin dastanlara sığmayan qəhrəmanlarından hələ çox danışacağıq. İndi haqqında yazacağım igid də onlardan biridir.
1997 - ci ilin Milli Qurtuluş günü kimi qeyd etdiyimiz 15 iyun tarixində Naxçıvanın Kəngərli rayonunun Xok kəndində dünyaya göz açan Əsgərov Təbriz Çapay oğlu iki bacının yeganə qardaşı idi. Anası ona Təbriz adını verib ki, bu həyatda nə qədər çətinlik çəksə də, heç bir zaman inamını itirməsin. İnsan adı ilə yaşayarmış deyiblər. Təbriz də həyata hər zaman nikbin yanaşır, nə qədər çətinlik çəksə də, hər zaman gələcəyə ümidlə baxardı. Hələ orta məktəbin V sinfində oxuyarkən Təbrizin anası ağır xəstələnərək 4 il yataqda yatır. Ailənin maddi çətinlikləri olduğu üçün Təbriz 11 yaşından işləmək məcburiyyətində olur. Yayda biçinlə, qışda yük daşımaqla ailəsinə çörək pulu gətirir, o balaca çiyinlərində bir ailənin yükünü daşımaqdan heç yorulmurdu. Ailəsinə çox bağlı olan Təbriz bacılarını əzizləyər, onlara gözümün nuru deyərdi. Özündən böyük bacısı İlkanə xanımın uzun, qıvrım saçlarını darayıb hörərdi. Ürəyində hamıya sevgi bəsləyər, heç kimin qəlbinə dəyməzdi. Hələ balaca vaxtı evdə onu görə bilməyəndə bilirdilər ki, yenə özü adlandırdığı “Məhəbbət quyusu”na oradakı quşları yemləmək üçün gedib. O, təkcə insanları yox, bütün canlıları sevərdi, sanki mərhəmətdən yoğrulmuş qəlbi heç bir canlının əziyyət çəkməsini istəməzdi. Həyətlərindəki qarışqa yuvalarının yanına buğda dənələri tökərdi ki, qoy yem axtarmaq üçün uzaqlara gedib yorulmasınlar.
Vətən sevgisini bütün ruhuyla yaşayan bu igid oğlan milli filmlərimizi izləməyi, xalq musiqilərinə qulaq asmağı da çox sevirdi. Bir də S.Vurğunun, C.Cabbarlının, Z.Yaqubun, M.Arazın vurğunu idi. Elə axırıncı dəfə bacısına aldığı hədiyyə də S.Vurğunun "Seçilmiş əsərləri " kitabı olmuşdu.
Təbriz mərd və qoçaq oğlan idi. Kənddə kimin köməyə ehtiyacı olsa, hamıdan qabaq o gedərdi. Məhz hərbidə müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi işlədiyi dövrlərdə də qoçaqlığı, təlimlərdə çevik iştirakı ilə seçilərək bir neçə dəfə fəxri fərmana layiq görülübdür.
Müharibə başlamazdan çox əvvəl Təbrizin bir xəyalı var idi ki, bir gün Qarabağı azad edəcək və orada özünə ev tikəcəkdi. Ən böyük arzusu isə Qarabağ atı ilə Şuşanın bütün dağlarını gəzəcək, Cıdır düzündə şahə qalxan atın belində “Qarabağ bizimdir” deyə hayqıracaqdı. Müharibə başlayan kimi ürəyindəki Vətən sevgisi, Qarabağı azad görmək arzusu onu cəbhəyə apardı.
Təbriz evdə ailəsinə belə demədən adını könüllü olaraq xüsusi təyinatlılar üçün keçirilən kursa yazdırıb 2 həftəlik təlim keçəndən sonra oktyabrın 17-də baş kəşfiyyatçı olaraq Füzuliyə yola düşür. Gedib oraya çatanda bacısına telefonla mesaj yazıb halallıq istəyərək deyir ki, məni bağışlayın, neçə gündür sizə yalan danışıram, əslində isə mən gəlmişəm Qarabağa.Vətənin harayına gəlməsəydim, sizin başınızı önə əydirmiş olardım. Əgər şəhid olsam, anama deyərsən ki, ağlamasın. Başını dik tutub “Vətən sağ olsun” desin. Unutmayın, mən sizin başınızı uca etmək üçün burdayam.
Təbriz Hadrut, Qubadlı, Zəngilan uğrunda döyüşlərdə böyük şücaətlər göstərərək qorxusuz bir qartal kimi düşmənin üstünə şığamışdı. “Biz buraya ölmək üçün yox, öldürmək üçün gəlmişik”,- deyən Təbriz Qırmızı bazar yaxınlığında düşdükləri mühasirədən 8 erməni əsgərini öldürərək yoldaşlarını xilas etməyi bacarır. Öz ehtiyat suyunu, yeməyini hər zaman döyüş yoldaşları ilə bölüşən bu igid 4 noyabrda Laçın dəhlizi istiqamətindən Xankəndiyə gedən düşmən maşınlarını içindəki heyəti ilə birlikdə məhv etmişdi. Noyabr ayının 5-dən 6-na keçən gecə isə Şuşanı azad etmək uğrunda gedən dillərə dastan o möhtəşəm döyüşdə Təbriz öz uşaqlıq dostu Kamaləddin (Məmmədov Kamaləddin İsrayıl oğlu 10.10.1996 ) və digər yoldaşları ilə birlikdə düşmənə qan udduraraq alınmaz qalamız olan Şuşanı azad etmişdilər.
Təbriz uşaqlığını bir yerdə keçirdiyi, eyni vaxta döyüşə getdiyi, Qarabağın azadlığı uğrunda çiyin-çiyinə döyüşdüyü dostu Kamaləddinlə birlikdə qələbənin elan olunmasına 2 saat qalmış şəhadətə qovuşdu. Onları son görən döyüş yoldaşları şəhadətə qovuşarkən üzlərindəki sevinci, o gözəl gülüşü heç vaxt unuda bilməyəcəklərini deyirlər. Yoldaşları ilə mühasirədə olanda belə zarafat edib gülən Təbriz və Kamaləddin şəhidlik kimi ali məqama da gülərək yüksəldilər. Hər zaman birlikdə olan bu iki dost noyabrın 13-də Naxçıvana gətirilərək dəfn edildilər.
Qurtuluş günü dünyaya gələrək ailəsinin sevincinə dönən Təbriz azadlıq yolunda canından keçərək 10 milyonluq bir xalqın qüruruna çevrildi. Təbriz və dostu Kamalədin Ali Baş Komandanın Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Şuşanın azad olunmasına görə" medalları ilə təltif edildilər.
Tanrının sizə biçdiyi bu qısa, şərəfli ömrünüzü azadlığı uğrunda fəda etdiyiniz bu xalq sizi hər zaman ürəyində yaşadacaq. Nə qanla yazılan tarix, nə də bu tarixi yazanlar əsla unudulmazlar! Nur içində rahat uyuyun!
İlahə Allahverdiyeva
Naxçıvan Dövlət Universiteti
“Jurnalistika” ixtisası üzrə II kurs tələbəsi