“Naxçıvan Muxtar Respublikası: Yeni İnkişaf Mərhələsində” - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsində keçirilən eyniadlı interaktiv dərs muxtar respublikanın 200-dən çox ümumtəhsil müəssisəsində izlənilib. Dərsi bölmənin sədri, akademik İsmayıl Hacıyev aparıb.
Akademik qeyd edib ki, ötən 25 il ərzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov ümumilli lider Heydər Əliyevin yolunu muxtar respublikamızda böyük əzmlə davam etdirib, həyata keçirilən məqsədyönlü siyasət sayəsində Naxçıvan Muxtar Respublikası davamlı sosial-iqtisadi yüksəliş və ictimai həyatdakı nailiyyətləri fonunda keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. Bu dövrdəki məqsədyönlü fəaliyyət nəticəsində, ilk növbədə muxtar respublikamızın hərtərəfli tərəqqisində mühüm amil olan ictimai-siyasi sabitlik qorunub saxlanılıb. Ötən dövr ərzində bütün iqtisadi fəaliyyət sahələrində sürətli inkişafa rəvac verən səmərəli iqtisadi siyasət muxtar respublikamızda tarazlı və davamlı inkişaf üçün başlıca amil olub, şəhər və rayonlarımızda canlanma yaranıb, iş adamlarının normal fəaliyyəti üçün əlverişli biznes mühiti formalaşdırılıb, yeni təsərrüfat subyektləri yaradılıb və işsizliyin səviyyəsi xeyli dərəcədə azalıb.
İsmayıl Hacıyev qeyd edib ki, muxtar respublikamızın mərkəzində olduğu kimi, rayonlarımızda, hətta ən ucqar kəndlərimizdə belə nəqliyyat-kommunikasiya sisteminin bərpası, elektrik enerjisi, rabitə, qaz, su təminatı kimi sosial məsələlərin həlli, müasir informasiya texnologiyalarının tətbiqi mədəni-intellektual yüksəlişə əsaslı zəmin yaradıb. Muxtar respublikada son illərdə həyata keçirilən iqtisadi və sosial təmayüllü islahatlar qısa tarixi dövr ərzində makroiqtisadi sabitliyin bərqərar olunmasını təmin edib, iqtisadiyyatın dinamik inkişafına təkan verib və əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yaxşılaşmasına səbəb olub.
Bir sıra əsas göstəricilər baxımından son 25 il ərzində yaradılmış iqtisadi potensial və qazanılmış uğurlar muxtar respublikamızın yarandığı 1924-cü ildən 1995-ci ilədək - yəni 71 illik zaman məsafəsində əldə olunanları xeyli üstələyir.
Turab Hacızadə