Naxçıvan Dövlət Universitetində smart tələbə kartlarının təqdimatı keçirilib - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, təqdimat mərasimində rektor Elbrus İsayev təqdim edilən smart tələbə kartlarının elektron universitet sistemini daha da gücləndirəcəyinə inandığını qeyd edib. Vurğulanıb həyata keçirilən smart tələbə kartları layihəsinin ilk mərhələsi Naxçıvan Dövlət Universitetində uğurla reallaşdırılıb. Bu layihə müasir ödəniş mədəniyyətinə malik yeni nəslin yetişməsində, ölkədə rəqəmsal ödəniş ekosisteminin inkişafına mühüm dəstək olacaq. Diqqətə çatdırılıb ki, ali təhsil müəssisələri tələbələrinin bu layihəyə cəlb edilməsi bütövlükdə təhsillə bank sistemi arasında sıx əməkdaşlığa yeni imkanlar yaradacaq.
Mərasimdə “Naxçıvanbank” ASC İdarə Heyətinin sədri Azər Məmmədov bildirib ki, muxtar respublikada “nağdsız cəmiyyət”in formalaşdırılması, nağdsız ödənişlərin həcminin artırılması muxtar respublika rəhbəri tərəfindən diqqətdə saxlanılan əsas məsələlərdəndir. Qeyd edilib ki, proqramın strateji məqsədi vətəndaş, biznes subyektləri və dövlət strukturları arasında nağdsız ödəniş mühitinin xeyli genişlənməsi, nağd dövriyyənin həcminin minimuma endirilməsi və nəticədə bank sektorunun maliyyə resursları bazasının gücləndirilməsidir.
Qeyd olunub ki, bu kartlar eyni zamanda tələbələr üçün yeni vahid Beynəlxalq İSİC(“International Student Identity Card”) standartları ilə hazırlanmış tələbə biletidir.
Kartın mühüm xüsusiyyətindən biri də debet bank kartı olmasıdır, artıq tələbələrə istər dövlət, istərsə də tədris müəssisəsi tərəfindən ödənilən təqaüdlər həmin kartlar vasitəsilə veriləcəkdir və tələbələr ölkə daxilində və xaricdə həmin kartlarla istənilən ödənişlərini həyata keçirə biləcəklər, Eyni zamanda regionda yaşayan valideynlər övladlarına rahatlıqla maliyyə vəsaiti göndərə biləcəklər. Tələbələr smart kartdan universitet, kitabxana və oxu zallarına giriş üçün də istifadə edə biləcəklər. Gələcəkdə smart tələbə kartının əhatə imkanlarının daha da genişləndirilməsi, ictimai nəqliyyatda, tələbələr üçün xüsusi endirim kampaniyalarında və digər xidmət sahələrində istifadəsi də nəzərdə tutulub. Eyni zamanda bu kartlardan istifadənin genişləndirilməsi ölkədə nağdsız ödənişlərin təşviqində, müasir ödəniş mədəniyyətinin formalaşdırılmasında, maliyyə savadlığının yüksəldilməsində mühüm addım olacaq.
Sonda bir qrup tələbəyə smart kartlar təqdim edilib.
Səadət Əliyeva