Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə ekskursiya - FOTOLAR
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinə “Mənim sevimli məşğuliyyətim” devizi altında ekskursiya təşkil edilib.
Naxçıvan Dövlət Texniki Kollecindən 20 tələbənin iştirak etdiyi ekskursiyada Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Rəşad Xudiyev mərkəzin fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, mərkəzdə şagirdlərin asudə vaxtlarının səmərəli təşkili, onların yaradıcılıq qabiliyyətlərinin və istedadlarının üzə çıxarılması üçün 14-ü yeni olmaqla, müxtəlif profilli 44 dərnək fəaliyyət göstərir. Uşaq və yeniyetmələrin asudə vaxtlarının mənalı təşkili üçün mərkəzdə nümunəvi tədris şəraiti yaradılıb.
Bildirilib ki, ekskursiyanın təşkil olunmasında məqsəd gənclərin tərbiyəsinin düzgün təşkilini, intellektual inkişafını təmin etmək və onlarda milli-mənəvi dəyərləri əks etdirən tətbiqi sənət və peşə sahələrinə maraq oyatmaqdır.
Sonra tələbələr mərkəzdə fəaliyyət göstərən yeni yaradılmış Steam, Robotexnika, dulusçuluq, bijuteriya, metal üzərində döymə və memarlıq dərnəkləri ilə tanış olublar.
Qeyd edək ki, bu cür ekskursiyalar bundan sonra da davam etdiriləcək.
Xosrov İbrahimov