NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Naxçıvan Dövlət Texniki Kollecində STEAM təlimlərini uğurla başa vuran müəllimlər və 2019-2020-ci tədris ilində keçirilən Respublika fənn olimpiadasının qaliblərinin mükafatlandırılma mərasimində Təhsil naziri Rəhman Məmmədov deyib. Nazir 2020-2021-ci tədris ilindən etibarən muxtar respublikada tətbiqinə başlanılan STEAM təhsil metodu haqqında məlumat verib. Bildirib ki, hazırda Şərur rayonunun Qarabürc və Şəhriyar kənd tam orta məktəblərində və Culfa Rayon Texniki Yaradıcılıq Mərkəzinin nəzdində STEAM kabinələri yaradılıb, yaradılan kabinələr elektron lövhə, kompüter, 3D printer, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təmin olunub. Görülən işlərin davamı olaraq, STEAM metodları ilə bağlı xarici ədəbiyyatlar Azərbaycan dilinə tərcümə olunub, müvafiq tədris proqramları və müəllimlər üçün metodik vəsaitlər hazırlanıb. STEAM dərslərini tədris etmək bacarığını formalaşdırmaq məqsədilə 30 müəllim 1 aylıq STEAM təlimlərinə cəlb olunub. Təlimlər zamanı STEAM metodologiyaları, robotexnika, 3D CAD modelləşdirmə və çap, proqramlaşdırma, microbit və arduino texnologiyaları, mühəndislik modulları müəllimlərə öyrədilib. Nazir qeyd edib ki, bu yaxınlarda Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən start veriləcək onlayn STEAM təlimlərinə ümumtəhsil məktəblərinin daha 150 müəllimi cəlb olunacaqdır. Bu da muxtar respublikada STEAM dərslərinin yüksək səviyyədə tədrisinə geniş imkanlar açacaqdır.
Nazir muxtar respublikada istedadlı şagirdlərlə aparılan iş sahəsində də mühüm tədbirlərin həyata keçirildiyinə diqqət çəkib. Bildirilib ki, göstərilən dövlət qayğısından və yaradılan şəraitdən səmərəli bəhrələnməyin nəticəsidir ki, 2019-2020-ci tədris ilində də fənn olimpiadaları maraqlı yanaşmalar, fərqli nəticələr və yüksək fəallıqla yadda qalıb. Belə ki, muxtar respublika məktəbliləri Respublika fənn olimpiadasında 4-ü qızıl, 7-si gümüş, 13-ü isə bürünc olmaqla 24 medal qazanıb.
Rəhman Məmmədov STEAM təlimlərini uğurla başa vuraraq sertifikat alan müəllimləri və Respublika fənn olimpiadalarının qaliblərini təbrik edib.
Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodisti Ceyran Məmmədova və Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin müəllimi Nazim Rəhimov 1 ay müddətində keçirilən STEAM təlimlərinin əhəmiyyətini qeyd ediblər. Şahbuz rayon Kükü kənd tam orta məktəbinin məzunu, Naxçıvan Dövlət Universitetinin Xarici dil müəllimliyi ixtisasının I kurs tələbəsi Fidan Məmmədli və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin X sinif şagirdi Nicat Əlizadə isə fənn olimpiadalarının şagirdlərin istedadlarının inkişaf etdirilməsinə təsirindən danışıb, muxtar respublikada təhsilin inkişafı üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.
Sonda təlimləri başa vuran müəllimlərə sertifikatlar, olimpiada qaliblərinə isə medal və diplomlar təqdim edilib.
Mədinə Rəhimli