NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, AMEA Naxçıvan Bölməsində 2020-ci ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı iclas keçirilib.
İclasda bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, ötən il tədqiqat dövründə bölmə əməkdaşlarının 18 monoqrafiyası, 19 kitabı, 1 metodik vəsaiti, 462 elmi məqaləsi, 207 konfrans materialı, 12 tezisi olmaqla 719 elmi əsəri çap olunub, bir xəritə və bir buklet tərtib edilib. Ümumilikdə 174 əsər xaricdə nəşr olunub. Məqalələrin 57-si impakt faktorlu jurnallarda, elmi məqalələrin isə 432-si beynəlxalq kodlu nüfuzlu elmi jurnallarda çapdan çıxıb. Həmçinin bölmədən seçilən 2 akademikin və 7 müxbir üzvün il ərzində 100 əsəri, o cümlədən 6 monoqrafiyası, 3 kitabı, dərslik, metodik vəsait, elmi məqalə və konfrans materialları çapdan çıxıb. Əsərlərdən 2 monoqrafiya, 19 məqalə, 12 konfrans materialı xaricdə nəşr olunub.
Akademiyada keçirilən “Görkəmli Azərbaycan mütəfəkkiri: Nemətullah Naxçıvani” beynəlxalq və Naxçıvan Muxtar Respublikasının 95 illiyi ilə əlaqədar “Naxçıvanın muxtariyyəti: tarixdə və günümüzdə” respublika konfranslarının materialları nəşr olunub, “Naxçıvan tarixi-mənbələrdə”, eləcə də, 1 kitab və 4 monoqrafiya, 260 məqalə çapa təqdim edilib. O da qeyd olunub ki, bölmədə iki seriya üzrə “Elmi əsərlər” və “Axtarışlar” jurnalının hər birinin 3 nömrəsi çapdan çıxıb. Eyni zamanda cari ildə bölmə üzrə 2 beynəlxalq səviyyəli qrant layihəsinin icrası davam etdirilib.
İsmayıl Hacıyev bildirib ki, AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi “İlandağ” geoparkının yaradılması ilə bağlı lazımi işlər görür. Geoparkın öyrənilməsi ilə bağlı yaradılan tədqiqat qrupu tələblərə uyğun materiallar toplayıb, sistemləşdirib, tədqiq olunaraq qruplaşdırıb. Ötən dövrdə Geoparkın ərazisində yerləşən 34 adda tarix-mədəniyyət, 41 adda arxeoloji abidənin və 32 adda geositin ətraflı təsvirləri verilib, pasport qeydiyyat kartları hazırlanıb.
Hesabat dövründə xarici ölkələrin müvafiq qurumları ilə beynəlxalq əlaqələrdən bəhs edən İsmayıl Hacıyev bildirib ki, bölmə əməkdaşları 20-dən çox elm və təhsil mərkəzi və bir çox ölkələrin alimləri ilə sıx elmi əlaqələrdə оlaraq səmərəli əməkdaşlıq ediblər.
Müvafiq dövr ərzində maddi-texniki bazasının artırılması işi diqqətdə saxlanılıb, bölmənin “Yaşıl Aptek”i yenidən qurularaq istifadəyə verilib.
Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev və Təbii Ehtiyatlar İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev məruzə ətrafında çıxış edərək görülən işlər barədə məlumat veriblər.
Adilə Səfərova