Texnoparklar innovasiyayönümlü və biliyə əsaslanan iqtisadiyyatın qurulmasında mühüm rol oynayır

A- A A+

Son illərdə Azərbaycan iqtisadiyyatının bütün sahələrində olduğu kimi, sahibkarlıq və sənayenin inkişafında da böyük uğurlar qazanılıb. Bu müddət ərzində rəqabətqabiliyyətli müasir sənaye sahələrinin yaradılması, sənayenin infrastruktur təminatının yaxşılaşdırılması sahəsində çoxsaylı layihələr icra edilib, sahibkarlar tərəfindən yeni iş yerləri açılıb, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoyub.

Müasir dünyada rəqabətə tab gətirmək üçün ilk növbədə təhsilə, zəngin biliklərə, informasiya texnologiyalarına, innovasiya iqtisadiyyatına arxalanmaq lazımdır. Bunlarla yanaşı onu da qeyd etmək lazımdır ki, bazar iqtisadiyyatı şəraitində innovasiya yönümlü elmi laboratoriyaların və kiçik müəssisələrin (sahibkarların) formalaşması və inkişaf etməsi üçün texnoloji zonaların təşkili çox vacibdir.

Kiçik və orta biznesin inkişaf etdirilməsi dünyanın aparıcı ölkələrinin diqqət mərkəzindədir. Ali təhsil müəssisələrinin elmi potensialı ilə innovasiya təyinatlı kiçik və orta biznesin imkanlarının inteqrasiya olunmasının və elmi nəticələrin kapitallaşdırılmasının ən səmərəli üsullarından biri innovasiya təyinatlı texnoloji mərkəzlərin, texnologiyaları transfer mərkəzlərinin, texnoparkların yaradılmasıdır.

Dünya təcrübəsinin təhlili göstərir ki, texnoparkların yaradılmasında şərti olaraq üç model əsas götürülür: Amerika, Avropa və Asiya modelləri. Amerika modelinin ən tipik nümunəsi dünyada ilk texnopark - Stenford Universitetində yaradılmış "Silikon vadisi"dir. Stenford texnoparkı böyüklüyünə görə bu gün də liderdir.

Azərbaycanda ali təhsil müəssisələrində texnoparkların yaradılması yeni təcrübədir.

Texnoparkların əsas struktur vahidi mərkəzlər hesab olunur. Buraya innovasiya-texnoloji mərkəz, tədris mərkəzi, məsləhət mərkəzi, informasiya mərkəzi, marketinq mərkəzi, sənaye mərkəzi, maliyyə- sığorta mərkəzi, mühasibat-audit mərkəzi,  strateji tədqiqat mərkəzi daxildir. Milli iqtisadiyyatın yeni sahələrinin formalaşmasında və rəqabətqabiliyyətli olmasında texnoparkların böyük rolu vardır. Məsələn, ABŞ, Hindistan, Çin və s. kimi ölkələr İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) sahəsində dünya səviyyəsində qabaqcıl olmalarına görə məhz texnoparklara minnətdardırlar.

Müasir dövrdə informasiya cəmiyyətinin biliklərə əsaslanan iqtisadiyyatın qurulmasında texnoloji biliklərin mərkəzinə çevrilən universitetlər mühüm rol oynadığından ali məktəb texnopark vəhdətinin yaradılması da son illər geniş inkişaf tapıbdır. Belə texnoparklar bir və ya bir neçə universitet, həmçinin elmi-tədqiqat mərkəzləri ilə birbaşa və ya ortaq fəaliyyətləri ilə əlaqədar olub, tərkibində elmi nəticələrə və yüksək texnologiyalara əsaslanan müəssisələrin yaranmasına və onların inkişafına təşəbbüs göstərmək məqsədi ilə qurulur. Universitet texnoparkda fəaliyyət göstərən müəssisələrə innovativ elmi nəticələrin transfer edilməsi və işin idarə olunması sahələrində dəstək verir. Bu proseslərdə bütün yanaşmalar təşəbbüskarlıq və müəllif hüquqlarının qorunması müstəvisində həyata keçirilir.

Dünya standartlarına əsasən, texnoparkların əsas hədəfləri universitetlərin təhsil, tədris və araşdırma fəaliyyətlərini dəstəkləyərək daha səmərəli nəticələr əldə etmək, sənayenin rəqabət gücünü artırmaq, yüksək texnologiyalara əsaslanan regional və iqtisadi inkişafı sürətləndirməkdir.

Bu gün milli iqtisadiyyatın inkişaf bazasının yüksək texnologiyalar əsasında qurulması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında uğurlu siyasət həyata keçirilir. Yüksək texnologiyalar biliyə söykənən iqtisadiyyatın yaranması istiqamətində irəli atılmış əhəmiyyətli addımdır. Bu istiqamətdə fəaliyyətin əyani nümunəsi Sumqayıt texnoparkıdır.

Bundan başqa, Prezident İlham Əliyevin bu ilin sentyabrın 13-də Şərur Sənaye Məhəlləsinin yaradılması və “Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 8 oktyabr tarixli 288 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə imzaladığı Fərman Naxçıvan Muxtar Respublikasında sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, qeyri-neft sektorunun davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılmasına xidmət edir.

Beləliklə, texnoparklar yeni ideyaların formalaşmasından başlayaraq onların tətbiq olunması və inkişaf etdirilməsinədək hərtərəfli şəraitin olduğu innovativ fəaliyyətləri təmin edən məkandır. Başqa sözlə, texnoparklar insan kapitalını sürətlə inkişaf etdirən, yüksək texnologiyalar istehsal edən qurumlardır. Belə qurumlar universitetlərin tərkibində olduqda daha aktiv fəaliyyət göstərə bilir.

Yüksək texnologiyaların inkişafının dünya təcrübəsi göstərir ki, texnoparkın   səmərəli   fəaliyyəti   onu   elm,   sənaye   və   ali   təhsil müəssisələrinin kompakt yerləşdiyi yaşayış məntəqələrində - texnopolislərdə təşkil etmək məqsədəuyğundur.

Universitetlərin professor - müəllim, alim, tələbə və elmi-texniki heyəti kifayət qədər elmi nəticələrə, ixtira və patentlərə malikdir, aktiv elmi-texniki innovasiya fəaliyyəti həyata keçirirlər. Universitetlər elmi- texniki və innovasiya fəaliyyətində geniş beynəlxalq əməkdaşlıq və beynəlxalq layihələrdə iştirak etmək təcrübəsinə malikdirlər. Universitetlər xırda və orta sənaye müəssisələri ilə birgə geniş elmi- texniki və innovasiya fəaliyyəti həyata keçirirlər.

Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 12 iyun 2002-ci il tarixli Sərəncamı ilə Naxçıvan Dövlət Universitetinə yüksək özünüidarə statusu, muxtariyyət hüququ verilibdir. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müxtəlif vaxtlarda (1974, 1992 və 1999-cu illərdə) 4 dəfə Naxçıvan Dövlət Universitetində olubdur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Naxçıvan Dövlət Universitetinin Elektron kitabxanasının və Konservatoriyasının açılışında iştirak edibdir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov universitetin inkişafına daim böyük qayğı göstərir.

Bütün bunlar deməyə əsas verir ki, Naxçıvan Dövlət Universiteti uğurlu tarixi inkişaf yolu keçib. Naxçıvan Dövlət Universitetində bu gün 454 nəfərlik professor-müəllim heyəti ilə kadr hazırlığı aparılan 63 bakalavriat, 76 magistratura, 60 doktorantura ixtisasları, demək olar ki, Beynəlxalq Elmi Parklar Assosiasiyasının müəyyənləşdirdiyi ixtisaslaşma sahələrini əhatə etməkdədir. Universitetdə dissertasiya şurasının, həmçinin birləşmiş dissertasiya şurasının fəaliyyət göstərməsi də fəlsəfə doktoru və elmlər doktoru proqramı üzrə tədqiqatçı alimlərin yetişməsində əhəmiyyətli rol oynayır. Əgər 1996-cı ildə Naxçıvan Dövlət Universiteti ölkəmizdə 37 universitet arasında 36-cı yerdə idisə, 2016-2017-ci tədris ilində yeni texnologiyaların tətbiqi, tədrisin səviyyəsi, mənimsəmə və davamiyyətə görə ölkəmizdəki ali təhsil müəssisələri arasında birinci yerə layiq görülüb.

Tədris prosesini Avropa standartları və Azərbaycan təhsil qanunvericiliyinə uyğun quran universitetdə  2015-2016-cı tədris ili daha yaddaqalan olubdur.  Cənubi Koreyanın KOICA təşkilatı ilə birlikdə Naxçıvan Dövlət Universiteti üçün “Elektron təhsil şəbəkəsi və rəqəmsal multimedia infrastrukturunun yaradılması” layihəsinin açılış mərasiminin keçirilməsi və Elektron Universitetin fəaliyyətə başlaması Azərbaycan ali təhsil məkanında büdcəsinə  və layihəsinin genişliyinə görə ən irihəcmli və əhəmiyyətli layihələrdən biri kimi tarixə düşübdür. Elektron təhsil, Onlayn Sənəd dövriyyəsi, Akademik İdarəetmə və s. kimi təhsilinin idarəedilməsi modellərini özündə birləşdirən Elektron Universitet nəinki təhsilin elektron vasitələrlə həyata keçirilməsini, eyni zamanda elektron imtahanları da əhatə edir.

Naxçıvan Dövlət Universitetinin kitabxanası ölkədə ayrıca korpusda yerləşən yeganə ali məktəb kitabxanasıdır. 100 minə yaxın kitabxana fondu olan kitabxanada “PROLİB” avtomatlaşdırılmış Kitabxana-İnformasiya İdarəetmə sistemi vasitəsilə  bu günədək 30000 adda 5000 sayda kitabın elektron kataloqu yazılmış, tammətnli elektron versiyası hazırlanaraq oxucuların istifadəsinə verilibdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında 2019-cu il 3 aprel tarixli Sərəncamı ilə təməli qoyulan “Startap Naxçıvan” hərəkatı isə Naxçıvan Dövlət Universitetində peşəkar mütəxəssis hazır­lığına, tələbə-gənclərdə innovativ ideyaların üzə çıxarılmasına xidmət edir.

"Muxtar respublikada innovasiyayönümlü iqtisadiyyata keçid, müasir elmi və texnoloji nailiyyətlərə əsaslanan xidmət sahələrinin genişləndirilməsi, elmi tədqiqatların aparılması və nəticələrinin sənayedə tətbiqi ali təhsil müəssisələrində müasir komplekslərin yaradılmasını zərurətə çevirir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif  Talıbov dekabrın 14-də Naxçıvan Dövlət Universitetində “Texnologiyalar Parkının yaradılması haqqında” Sərəncamı yeni elmtutumlu texnologiyaların işlənməsi və tətbiqi, yeni texnologiyaların işlənməsi və qlobal bazara çıxarılması, layihələrin inteqrasiyası nanoüzrə ixtisaslaşdırılmış kadrların hazırlanması sahəsində böyük töhfə verəcəkdir.

 

 Hüseyn Əsgərli

Naxçıvan Dövlət Universitetinin

İnformasiya Kommunikasiya Texnologiyaları və Elektron təhsil şöbəsinin müdiri

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: